Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:22

Cahangir Hacıyevin şikayəti qəbul edilmədi


Cahangir Hacıyev

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin 13 saylı Cəzaçəkmə Müəssisəsi və Penitensiar Xidmətdən şikayətini təmin etməyib.

Bu barədə AzadlıqRadiosu-na vəkil Fəxrəddin Mehdiyev bildirib.

O, məhkəmədə C.Hacıyevi həmkarı Aqil Layıcovla birgə təmsil edib.

C.Hacıyev hüquqi və tibbi yardımdan məhrum olunmasından şikayət edib. Vəkillərin sözlərinə görə, iki aydan çoxdur ki, onlar C.Hacıyevin yanına buraxılmır. Həmçinin, C.Hacıyevin doğmaları ilə görüşdən məhrum edildiyi vurğulanır.

Buna da bax: Vəkil: “Bir aya yaxındır, Cahangir Hacıyevlə görüşə icazə verilmir”

“Qərəzli münasibəti, hüquqlarının pozulmasını və əsassız olaraq karserə (cərimə kamerası) salınmasını nəzərə alaraq, Cahangir Hacıyev hüquqlarının pozulmasının tanınmasını və 13 saylı Cəzaçəkmə Müəssisəsindən başqa müəssisəyə köçürülməsini məhkəmədən xahiş edib”, - vəkil bildirib. Ancaq məhkəmə iddianı məqbul saymayıb.

Vəkil qeyd edib ki, müdafiə tərəfi apellyasiya verəcək.

Buna da bax: Beynəlxalq Bankın özəlləşdiriləcəyi tarix açıqlandı

Bu deyilənlərə Penitensiar Xidmətdən, hələlik, münasibət almaq mümkün olmayıb. Ancaq bir müddət öncə qurum C.Hacıyevin cərimə kamerasına salınması ilə bağlı açıqlama yaymışdı. Açıqlamada qeyd edilirdi ki, Cahangir Haciyev haqqında başqa məhkumun əvəzindən telefon xidmətindən istifadə etdiyinə görə, tənbeh tədbiri görülüb.

Ancaq vəkillər vurğulayırdılar ki, keçmiş bankir mətbuata açıqlamalarına görə, cəzalandırılıb.

XATIRLATMA

C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub. Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan keçmiş bankir 15 il azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxlayıb.

C.Hacıyev özünü təqsirli bilmir və ittihamları qəbul etmir.

C.Hacıyev yaxınları və vəkilləri ilə görüşə bilmədiyi deyilən günlərdə - oktyabrın 12-də barəsində çıxarılan hökmdən Ali Məhkəməyə verdiyi kassasiya şikayətini geri götürüb. Bunu C.Hacıyevin işinə baxan hakim İnqilab Nəsirov açıqlayıb.

C.Hacıyevin vəkilləri şikayətin geri götürülməsini kassasiya şikayətinin yenidən hazırlanması zərurəti ilə izah ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG