Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 15:13

Bəzi tikinti şirkətlərinə cinayət işi açılıb


Tikinti (arxiv fotosu)

Bəzi tikinti şirkətləri ilə bağlı sənədlər baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

Bu açıqlamanı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN-xidmət) və Baş Prokurorluq birgə yayıb.

Açıqlamada bildirilir ki, araşdırma mərhələsində olan sənədlər Baş Prokurorluğa ASAN-xidmətin tikinti şirkətlərində apardığı monitorinqin nəticələri kimi daxil olub.

Vurğulanır ki, ilkin araşdırmalarla "İ.N.V." MTK və "AVES" MMC-nin vəzifəli şəxsləri dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurublar. İlkin araşdırmalar Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yaradıb.

Buna da bax: Hər üç işçidən biri müqaviləsiz çalışır

Buna görə, Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 162-1.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddələri ilə 2 cinayət işi başlanıb.

İbtidai istintaqın aparılması baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə həvalə edilib.

Araşdırmalar zamanı "Rahatlığın məkanı-Gold" MMC və "AzKO İnşaat" MMC-də də əmək müqaviləsinin tələblərinin pozulduğunun aşkarlandığı iddia olunur. Sözügedən hüquqi şəxslərin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalarından ötrü inzibati icraatın açılması barədə qərarlar qəbul edilib.

Buna da bax: ASAN-Xidmət: 35 faiz işçi müqaviləsiz işləyir

ASAN-xidmət və Baş Prokurorluğun birgə açıqlamasına, hələlik, sözü gedən tikinti qurumlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

ASAN-xidmət-in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin qeyri-rəsmi əmək münasibətləri ilə mübarizə məqsədilə bu ilin yayında və oktyabrında bir sıra tikinti obyektlində monitorinqlər keçirdiyi bildirilir. Monitorinqlər zamanı əmək müqaviləsinin olmaması, hüquqi qüvvəsi olmayan müqavilələrlə işçilərin işlədilməsi kimi kütləvi halların aşkarlandığı vurğulanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG