Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:34

'Vətəndaşının müalicəsinə pul tapmadığı ölkədə...'-Media icmalı


Elçin Şıxlı
Elçin Şıxlı

Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» ölkələrinin sammiti, Azərbaycanla dünya arasında paralellər medianın aparıcı mövzularındandır...

«METAL DA SIRADAN ÇIXIR»

Ayna.az saytında «Metal yorğunluğu» sərlövhəli yazı oxumaq olar.

Müəllif Elçin Şıxlı Azərbaycanla dünya arasında paralellər aparır:

«Xərçəng xəstəsi bir il əvvəl müalicəyə vəsaiti olmadığı üçün özünü xəstəxananın üst qatından yerə atır. Bu bir il ərzində isə vətəndaşının müalicəsinə pulu tapılmayan ölkə ARDNŞ (SOCAR) üçün 300 milyondan çox dəyəri olan ofis tikir... Dünyaca məşhur Hollivud ulduzu Corc Kluni az əvvəl rəsmən milyarder olur, bizimsə ondan heç də geri qalmayan aktyorlarımız az qala səfalət içində yaşayırlar».

SOCAR isə ofisin tikintisinə 300 milyon manat xərclənməsini təsdiqləməyib. Qurum konkret rəqəm göstərməsə də, ofis binasına mətbuatda yazılanlardan az xərc çəkildiyini açıqlayıb.

Müəllif belə paralellərini davam etdirir:

«Gürcüstan, Ukrayna və Moldovanın yaxın zamanda Avropa Birliyinə üzv olmaları üçün lazımi prosedurlara başlanılacaq. Az sonra bu ölkələrə də Şengen vizasıyla gedəsi olacağıq…».

Müəllif daha sonra uzun müddət rəhbərlikdə olan dövlət başçılarının acı sonluğundan nümunələr gətirir:

«Müəmmər Qəzzafi Liviyaya 1979-cu ildən təkbaşına rəhbərlik edirdi. Bu rəhbərlik 32 il sürdü. Nəhayət, 2011-ci ildə «sevdiyi» milləti onu... öldürdü. Ölkəsi də viran oldu. Bəşər Əsəd 2000-ci ildən Suriyanın başındadır. Ölkə darmadağın olub...».

E.Şıxlı hesab edir ki, burada söhbət heç də demokratiya, insan haqları, iqtisadı və sosial çiçəklənmədən getmir. Hərçənd, bu məqamlar çox böyük əhəmiyyətə malikdir:

«Sadəcə, metal yorulub çat verirsə, ruh da yorulur, zehin tab gətirmir, yəni metal yorğunluğu ruh (zehni) yorğunluğuna gətirib çıxarır…».

Azərbaycan-AB
Azərbaycan-AB

«DEMOKRATİYADAN QAÇMAQ BƏHANƏSİ ...»

Azadliq.info saytında «Saziş cığallığı» sərlövhəli yazı diqqət cəlb edir.

Yazıda noyabrın 24-də Brüsseldə keçirilən «Şərq Tərəfdaşlığı» ölkələrinin sammitində Azərbaycanın Ermənistandan fərqli olaraq, Avropa Birliyi (AB) ilə saziş imzalamaması dəyərləndirilir.

Müəllifə görə, bu sazişin imzalanmaması Azərbaycan hökumətinin yenə demokratik islahatlardan qaçması deməkdir.

Yazıda bildirilir ki, Azərbaycan hökuməti səfərdən qayıtdıqdan sonra AB ilə saziş imzalanmamasını əsaslandıran təbliğat kampaniyasına start verib. Müəllifin vurğulamasına görə, hökumət politoloqları xalqı inandırmağa çalışır ki, sazişin imzalanmaması Qarabağ problemi ilə bağlıdır:

«Əvvəla, Avropa Parlamenti dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamələr qəbul edib. İkincisi, bu «jest» Qarabağa görə edilibsə, Rusiyaya qarşı niyə belə jest edilmir? Bu «analitik»lərin müdrikliyinə inansaq, gərək Ermənistanın «xəyanət»inə görə Rusiya Azərbaycana jest edib, 20 faiz ərazini geri qaytarsın».

Müəllif iddia edir ki, sazişin imzalanmaması Qarabağ yox, demokratiya amilindən irəli gəlir:

«Axı, Qarabağ faktoru demokratiyadan qaçışa, vətəndaşa zülm etməyə, saxtakarlığa haqq qazandırmır. Qarabağ qazisini şərləyib həbsə atanlar, intihar həddinə çatdıranlar, necə oldu ki, Brüsseldə Qarabağ sevgisinə yoluxdular?».

İ.Əliyev «Şərq Tərəfdaşlığı» sammitində
İ.Əliyev «Şərq Tərəfdaşlığı» sammitində

«DİPLOMATİK QƏLƏBƏ...»

Milli Məclisin orqanı olan «Azərbaycan» qəzetində də Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» sammitinə aid yazı dərc edilib. «Diplomatik məharətin və siyasi qətiyyətin təntənəsi» sərlövhəli yazıda azadliq.info saytının müəllifindən fərqli düşüncə ortaya qoyulur.

Bu yazıda isə vurğulanır ki, Avropa Birliyi ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Müəllifə görə, bu ilin fevralından Azərbaycan yeni sazişlə bağlı fəal danışıqlara başlayıb və yaxın zamanlarda danışıqların uğurla başa çatacağı gözlənilir.

Yazıda Azərbaycan-Avropa Birliyi münasibətlərinin indiki vəziyyəti dövlət başçısı İlham Əliyevin sammitdəki çıxışından sitat gətirməklə dəyərləndirilir:

«Ticarətimizin, demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa Birliyi ölkələrindən Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir. Avropa şirkətləri bizim iqtisadiyyatımızı dəstəkləmək üçün çox maliyyə vəsaiti yatırmağa hazırdır».

Yazıda bildirilir ki, dövlət başçısı çıxışında Azərbaycanın siyasi və iqtisadi islahatlar siyasətini davam etdirdiyini, demokratiyanın inkişafına, insan haqlarının qorunmasına böyük önəm verdiyini diqqətə çatdırıb.

Müəllif vurğulayır ki, dövlət başçısı Azərbaycan iqtisadiyyatının uğurlu inkişafını ölkənin müstəqilliyindən ötrü güclü təməl adlandırıb.

XS
SM
MD
LG