Rusiyanın dövlətə məxsus Rosneft şirkətinin rəhbəri Igor Sechin müstəntiqlərə deyib ki, keçmiş iqtisadiyyat naziri Aleksei Ulyukayev Hindistanda BRICS sammiti zamanı ondan 2 milyon dollar rüşvət istəyib. Bu haqda BBC yazıb.
RƏQƏMİ ÖZÜNDƏN BAŞQA EŞİDƏN OLMAYIB
Böyük Britaniya yayımçısı noyabrın 23-də bildirib ki, Sechin-in müstəntiqlərə üç müsahibəsinin protokollarının surətini əldə edib. Sechin onu da deyib ki, özündən başqa heç kim Ulyukayev-in həmin rəqəmi səsləndirməsini eşitməyib.
Rosneft rəhbərinin deməsinə görə, Ulyukayev ona zəng edərək 2016-cı il noyabrın 14-də Rosneft-in ofisində görüş istəyib. Ancaq bu ayın əvvəlində yayılmış telefon söhbətində Sechin özü Ulyukayev-i görüşə çağırırdı.
Sechin Ulyukayev-in məhkəməsinə ifadə verməyə üç dəfə çağrılsa da, getməyib. Noyabrın 22-də vəkili onun bəyanatını oxuyub, deyib ki, Sechin-in müstəntiqlərə dedikləri onun şəxsi ifadəsi kimi məhkəmədə səsləndirilə bilər.
Məhkəmə bu təklifi rədd edib və Sechin-i noyabrın 27-də məhkəmədə ifadə verməyə çağırıb. Bu, artıq dördüncü çağırışdır.
*** Buna da bax: Sechin: "Ulyukaev pulun dalınca özü gəlib və öz əlləri ilə maşına qoyaraq gedib”
XATIRLATMA
Ulyukayev Rosneft rəhbərindən 2 milyon dollar qoparmaqda suçlanır, guya əvəzində hökumət Rosneft-in Bashneft şirkətini almasını dəstəkləyəcəkmiş.
Keçmiş iqtisadiyyat naziri 2016-cı il noyabrın 14-də həbs olunub, Sechin-in ofisində ondan rüşvət aldığı iddia edilir. Ancaq özü ittihamları rədd edib, çamadanda şərab olduğunu düşündüyünü deyib.
Ulyukayev Sechin-lə Federal Təhlükəsizlik Xidmətinin (FSB) ona tələ qurduğunu söyləyib.
BBC-nin əldə etdiyi sənədlərə görə, Sechin 2016-cı il noyabrın 15-də, bu il yanvarın 17-də və mayın 31-də ifadə verib.
BBC Sechin-in sözçüsü Mikhail Leontiev-in sızdırılmış protokolları şərh etmədiyini bildirir.