Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:22

«Bizim mövqeyimiz aydındır: biz Dağlıq Qarabağı tanımırıq. Alforvil bələdiyyəsi tərəfindən imzalanan «xartiya»ya hökumət riayət etməyə məcbur deyil».

«Amerikanın səsi»nin xəbərinə görə, Fransanın Alforvil bələdiyyəsinin Dağlıq Qarabağdakı separatçı rejimin təmsilçisi ilə imzalanan «dostluq xartiyası»na bu ölkənin Avropa və Xarici İşlər Nazirliyinin cavabında belə bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağdakı separatçı rejiminin rəhbəri Bako Saakyanın Fransaya səfərinə noyabrın 21-də etiraz bildirib.

«Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin səfəri ilə əlaqədar kəskin etirazını bildirir», - XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, sözügedən məsələ ilə əlaqədar Fransanın Azərbaycandakı səfiri ilə XİN-də görüş keçirilib. Azərbaycanın Fransadakı səfirliyinin isə noyabrın 21-də Fransa XİN-də görüşü nəzərdə tutulub.

H.Hacıyevin bildirməsinə görə, 2015-ci il iyulun 2-də Fransa hökuməti yerli prefekturalar və ali komissarlara sirkulyar təlimat göndərib:

«Həmin təlimatda yerli özünüidarəetmə qurumlarının beynəlxalq əməkdaşlıq sahəsində səlahiyyət məhdudiyyətlərinə dair xəbərdarlıq edilir. Mərkəzi hakimiyyətin siyasətinə və beynəlxalq öhdəliklərə zidd olaraq, yerli orqanların Fransa hökumətinin tanımadığı qeyri-qanuni rejimlər, o cümlədən qondarma Dağlıq Qarabağla beynəlxalq əməkdaşlığa dair sənədlər imzalamasına qadağa qoyulur. Fransa tərəfinin bu təlimatdan çıxış edərək, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə qanunsuz sənədlər imzalayan yerli orqanlara münasibətdə zəruri addımlar atacağını gözləyirik», - deyə H.Hacıyev bildirirdi.

Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri B.Saakyan noyabrın 19-u Fransaya səfər edib.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG