Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:42

İşdən çıxarılan ADP-çiyə məhkəmə 'yox' deyib


«Noyabrın 22-də Nəsimi Rayon Məhkəməsi işə bərpa olunmağımla bağlı iddiamı faktiki rədd etdi».

Bunu bir müddət öncə Bakı Şəhər Təcili Yardım Stansiyasında işdən çıxarılan Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov bildirib.

«İddia ərizəsində işə bərpa olunmağım ilə bağlı qərar verilməsi, məcburi əmək buraxmalara görə əmək haqlarının ödənməsi, dəyən mənəvi ziyanla əlaqədar cərimə, işdən çıxarılmağım barədə qanunsuz qərar verən şəxslərin cəzalandırılması tələb edilirdi», - H.Rüstəmov bildirib.

H.Rüstəmov deyib ki, hakim Pərviz Hüseynov iddianı təmin etməyib. O, qərarla razılaşmır. H.Rüstəmov işdən çıxarılmasını siyasi səbəblərlə izah edir. Sədr müavini əlavə edib ki, məhkəmə qərarını aldıqdan sonra apellyasiya şikayəti verəcək.

H.Rüstəmov bundan əvvəl də AzadlıqRadiosuna demişdi ki, bu il oktyabrın 3-də müxalifətin mitinqində iştiraka görə Səbail Rayon Polis İdarəsində sorğu-sual edilib. Daha sonra onu işdən çıxarıblar. Ancaq siyasətçinin dediklərinə polis idarəsindən münasibət almaq mümkün olmamışdı.

«Demokratik Qüvvələrin Milli Şurasının sentyabrın 23-də keçirdiyi aksiyadan sonra mənə təzyiqlərə başlanmışdı. Ancaq heç düşünməzdim ki, təzyiqlər bu səviyyəyə çatacaq. Axı, hər zaman ictimai-siyasi fəaliyyətim göz önündə olmuşdu, mediaya açıqlamalarım davamlı idi, təzyiqlər bu həddə gəlib çatmamışdı», - işdən çıxarıldıqdan sonra H.Rüstəmov bildirmişdi.

Bakı Şəhər Təcili Yardım Stansiyası isə H.Rüstəmovun siyasi sifarişlə işdən çıxarılması fikrini qəbul etmir. Onun əmək intizamını pozduğu iddia edilir.

XATIRLATMA

Müxalif partiya təmsilçiləri bundan əvvəl də siyasi baxışlarına görə işdən çıxarılmaları ilə bağlı şikayətlər dilə gətiriblər.

Demokratik Qüvvələrin Milli Şurası hələ bu ilin aprelində Bakıda etiraz aksiyası keçirmişdi. Həmin aksiyadan sonra Milli Şuraya daxil olan AXCP-nin üzvü olan bir neçə müəllimin işdən kənarlaşdırıldığı bildirilirdi. Onlardan ikisi Əflatun Əhmədzadə və onun xanımı sonradan məhkəmə qərarı ilə işlərinə bərpa ediliblər. Hər iki müəllim Neftçala rayonundakı məktəblərdə müəllim işləyirlər. Rayon təhsil şöbəsindən onların tədris qaydalarını pozduqları, siyasi loyallıq prinsipinin ziddinə olaraq, hakimiyyəti tənqid etdikləri açıqlanmışdı.

Sonra isə Milli Şuranın aksiyasında iştiraka görə Azərbaycan Dövlət Dram Teatrının aktyoru Ayşad Məmmədov və bir poçtalyonun işdən çıxarıldığı bildirilmişdi. Hərçənd, rəsmi qurumlar onların sırf mitinqdə iştiraka görə cəzalandırıldıqları haqda deyilənləri təsdiq etməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG