Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:37

'Naxçıvan Avtomobil Zavodunun qıfılı çatmır'-Media icmalı


Dilənçi-bank. Karikatura
Dilənçi-bank. Karikatura

17 noyabr –Milli Dirçəliş günü, bank problemləri ilə bağlı dövlətin milyard manatlarla maliyyə itkiləri və Naxçıvan Avtomobil Zavodunda istehsalın dayanması bu gün (17 noyabr 2017) medianın aparıcı mövzularındandır...

BANKLARA GÖRƏ İTİRİLƏN 14 MİLYARD MANAT

«Exo» qəzetində «Bankların problemləri ilə bağlı Azərbaycan 14 milyard manata yaxın itkiyə məruz qalıb» sərlövhəli yazı oxumaq olar.

Yazıda ekspert Əkrəm Həsənovun düşüncələrinə yer verilir:

«Azərbaycan dövləti bankların üzündən daha çox itkilərə məruz qalıb. Amma dövlət qurumları bu barədə tam informasiya vermirlər. Dövlət büdcəsinə ən böyük ziyanı isə Azərbaycan Beynəlxalq Bankı vurub. Bu bank dövlətdən 10-13 milyard manat arasında vəsait «sümürüb». Dövlət bankın problemli kreditlərini almaq üçün ən azı 10 milyard manat ayırıb. Bankın aktivləri və borcları isə bu kreditləri qaytarmalı olan «Aqrarkredit» QSC-yə verilib».

Ə.Həsənovun deməsinə görə, hələlik məlum olan budur ki, «Aqrarkredit» QSC problemli borcları olanların bəzi obyekt və müəssisələrini ələ keçirə bilib. Ekspert vurğulayıb ki, bu əmlakları satmaq mümkün olmayıb, ölkədə qiymətlər çox aşağı düşüb:

«Rəsmi məlumatlara görə, Beynəlxalq Bank 2016-cı ili 1 milyard manat zərərlə başa vurub. 2017-ci ilin yayında dövlət bankın 3 milyard manat xarici borcunun ödənməsini öz üzərinə götürüb».

Ekspert deyib ki, Beynəlxalq Bank yeganə bankdır ki, dövlət onu xilas edə bilib. Onun düşüncəsinə görə, banklar bir-birinin ardınca iflasa uğrayaraq, ölkənin maliyyə bazarını birdəfəlik tərk etdilər.

Ə.Həsənov vurğulayıb ki, hökumət «StandardBank»ı da xilas etməkdən ötrü 115 milyon manat ayırıb. Bu pulların da taleyi aydın deyil:

«Əgər bütün yuxarıdakı xərcləri bir yerə toplasaq məlum olar ki, bankların problemi üzündən ölkə təqribən 14 milyard manata yaxın vəsait itirib».

Naxçıvan Avtomobil Zavodu
Naxçıvan Avtomobil Zavodu

«3 AYDIR NAXÇIVAN AVTOMOBİL ZAVODUNDA İSTEHSAL DAYANIB»

Marja.az saytında diqqəti «Naxçıvan Avtomobil Zavoduna qıfıl vurmaq qalıb» sərlövhəli yazı cəlb edir.

Yazıda bildirilir ki, 2017-ci ilin 10 ayı (yanvar-oktyabr) ərzində Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal olunub. Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı Naxçıvan Avtomobil Zavodudur.

Müəllif vurğulayır ki, 2017-ci ilin yanvar-iyul və yanvar-sentyabr aylarında da Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal edilmişdi. 3 aydır Naxçıvan Avtomobil Zavodunda istehsal dayanıb:

«Noyabrın 1-i hazır məhsul ehtiyatı 123 ədəd təşkil edib. Avqustun 1-də isə hazır məhsul ehtiyatı 133 ədəd idi. Avtomobillər satılmadığından Naxçıvan Muxtar Respublikası Ali Məclisi zavoda dəstək verməyə çalışır. Avqust və sentyabrda zavodun bir neçə avtomobili alınaraq dövlət qurumlarına verilib».

Yazıda bildirilir ki, Naxçıvan Avtomobil Zavodu «NAZ-Lifan» markalı minik avtomobilləri istehsal edirdi. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunub:

«Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu».

Lenin meydanında mitinq
Lenin meydanında mitinq

17 NOYABR- MİLLİ DİRÇƏLİŞ GÜNÜ

«Azərbaycan» qəzetində «Milli birliyin təntənəsi» sərlövhəli yazıda 17 noyabr-Milli Dirçəliş günü dəyərləndirilir.

Müəllif xatırladır ki, bu gün, noyabrın 17-si Milli Dirçəliş günüdür:

«Xalqın milli-azadlıq mübarizəsinin əsas mərhələlərindən biri olan bu tarix Azərbaycanın müstəqilliyinin bərpa edilməsində mühüm rol oynayıb».

Yazıda bildirilir ki, 1988-ci ilin həmin günü Azərbaycanda milyonlarla insan bir araya gəlib:

«XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi».

Amma müəllifin düşüncəsinə görə, həmin zaman ölkəyə rəhbərlik edənlər milli azadlıqdan uzaq olublar. Milli-azadlıq hərəkatına rəhbərlik edənlərin isə gələcəyə hesablanan təkmil ideyaları olmayıb.

Müəllif hesab edir ki, azadlıq istəyi xalq hərəkatından başlasa da, meydanda rəhbərlik iddiasında olanların səbatsızlığı və səriştəsizliyi nəticəsində respublika dərin böhrana sürüklənirdi. Yazıda bildirilir ki, bunun səbəbi həqiqi liderə böyük ehtiyac yaranması idi.

Müəllifə görə, Azərbaycanda dövlət müstəqilliyi yolunda mücadilə 1988-ci ildə xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər Heydər Əliyevin 1993-cü ilin iyununda Bakıya dönüşündən sonra başlayıb. Yazıda vurğulanır ki, həmin siyasi kursu 14 ildir prezident İlham Əliyev davam etdirir.

XS
SM
MD
LG