Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 15:12

Elçin İsmayıllı saxlanma şəraitindən narazıdır


Elçin İsmayıllı

Şəki Apellyasiya Məhkəməsində İsmayıllıda yaşayan, bir sıra media orqanları ilə əməkdaşlıq edən Elçin İsmayıllının məhkəməsi başlayıb. Onun apellyasiya şikayətinə baxılır.

Məhkəmə prosesi barədə AzadlıqRadiosuna Elçin İsmayıllının vəkili Elçin Sadıqov məlumat verib. Vəkilin bildirdiyinə görə, apellyasiya şikayətinə hakim Elçin Hüseynovun sədrliyi ilə baxılır.

Noyabrın 14-də keçirilən iclasda dövlət ittihamçısı çıxış edib, ittihamı elan edib. E.İsmayıllı isə öz növbəsində bütün ittihamları rədd edib, təqsirsiz olduğunu söyləyib.

Onun vəkilləri məhkəmə qarşısında vəsatət qaldıraraq, iş üzrə zərərçəkənlərin dinlənilməsini xahiş ediblər.

Bundan sonra məhkəmə prosesi dekabrın 5-dək ertələnib.

E.Sadıqovun bildirdiyinə görə, E.İsmayıllı saxlanma şəraitindən narazılıq edir.

«Deyir ki, saxlanma şəraiti çox pisdir. Ona qalın yataq dəsti verilmir. Otaqlar isidilmir, həddindən artıq soyuq olduğunu bildirir. Yeməklə təminatda, görüşlərin verilməsində də problemlər var», - deyən vəkil tədbirlər görülməsindən ötrü Penitensiar Xidmətin rəhbərliyinə müraciət edəcəyini bildirib. E.İsmayıllı Şəki rayonundakı istintaq təcridxanasında saxlanır.

Vəkilin bu açıqlamasına hələlik Penitensiar Xidmətdən və təcridxana rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

E.İsmayıllı bu il fevralın 17-si İsmayıllı rayonunda həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.

E.İsmayıllı özünü təqsirli bilmir. Saxlanılarkən üzərində olan 1000 manatı borc aldığını deyir. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə), 308-ci (vəzifəsindən sui-istifadə) və 311-ci (Rüşvət alma) maddələri ilə ittiham olunub.

Sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsində Rəşid Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası E.İsmayıllını 9 il azadlıqdan məhrum edib. E.İsmayıllıya həmçinin, 3 il müəyyən vəzifə tutmaq qadağan olunub.

E.İsmayıllının vəkilləri hökmün əsassız olduğunu, ittihamın məhkəmədə sübuta yetirilmədiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG