Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:41

İlahiyyatçı Sərdar Babayevə (Hacıhəsənli) bəraət istənilir. Masallıda həbs edilmiş ilahiyyatçının vəkilləri onun barəsində aşağı məhkəmələrin çıxartdığı qərarlardan kassasiya şikayəti veriblər.

Bu haqda Ali Məhkəmədən bildiriblər.

İlahiyyatçının kassasiya şikayəti artıq cinayət kollegiyasında icraata qəbul edilib. Şikayətə hakim Gülzar Rzayevanın sədrlik etdiyi məhkəmə heyəti baxacaq. Məhkəmənin vaxtı hələlik açıqlanmır.

XATIRLATMA

S.Babayev bu il fevralın 22-də saxlanmışdı. O, Cinayət Məcəlləsinin 168.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmə) maddəsi ilə ittiham edilib. İyulun 3-də isə Masallı Rayon Məhkəməsində hakim Anar Alməmmədov ilahiyyatçını 3 il azadlıqdan məhrum edən hökm çıxarıb.

Həmin hökmdən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsi də baxıb. Məhkəmə ilahiyyatçı barədə hökmü dəyişməyib.

İstintaq prosesi davam etdiyi vaxt yerli rəsmilər bildiriblər ki, S.Babayev xaricdə dini təhsil alıb, Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi isə bildirib ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə bu ilin mayında yumşaldılıb. Artıq xaricdə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.

Yerli sakinlərin AzadlıqRadiosuna dediklərinə görə, S.Babayev həmişə məsciddə oxuduğu xütbələrdə ölkədəki problemlərdən bəhs edərək, tənqidi fikirlər səsləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG