Noyabrın 13-də ABŞ-ın Ukrayna münaqişəsi üzrə elçisi Kurt Volker Kremlin müşaviri Vladislav Surkov-la görüşəcək. Onların Ukraynanın şərqinə BMT sülhməramlılarının yerləşdirilməsini müzakirə edəcəyi gözlənir.
Volker Surkov-la Serbiyanın paytaxtı Belqradda görüşəcəyini bildirib. Onun sözlərinə görə, sülhməramlıların “necə ola biləcəyinin” razılaşdırılması üzrə “prinsipləri müzakirə” edəcəklər.
“Hələlik, bunu razılaşdırmamışıq”, – o, noyabrın 3-də Vaşinqtonda jurnalistlərə deyib.
*** Buna da bax: Trump-la Putin görüşdü: Tərifli sözlər...
TƏKLİF RUSİYADAN GƏLİB
2014-cü ilin aprelindən Ukraynanın şərqində hökumət qüvvələriylə rusiyapərəst separatçılar arasında münaqişədə 10 mindən çox adam ölüb. Donetks və Luqansk regionlarında atəşkəslə bağlı bir neçə dəfə razılaşma elan olunsa da, döyüşlər tamamilə dayanmayıb.
Rusiya prezidenti Vladimir Putin sentyabrda təklif edib ki, münaqişə xəttində BMT sülhməramlıları yerləşdirilsin və onlar ATƏT müşahidəçilərini qorusunlar. Bu plan dərhal Kiyevin və Qərbin tənqidinə səbəb olub, cəbhə xəttində yerləşdirilməklə Rusiyanın separatçıların nəzarətində olan əraziyə nəzarətini möhkəmləndirəcəyi sarıdan narahatlıq artıb.
Volker deyib ki, Vaşinqton missiyanın bütün münaqişə ərazisində yerləşdirilməsini, duruma nəzarət etməsini, ağır silahların geri çəkilməsini istəyir.
Ukrayna prezidenti Petro Poroshenko-nun administrasiyası noyabrın 4-də yaydığı məlumatda prezidentin ABŞ dövlət katibi Rex Tillerson-la telefonla danışdığını və sülhməramlı məsələsini müzakirə etdiyini bildirirdi. Məlumata görə, onlar Luqansk və Donetskin separatçıların əlində olan hissəsində “beynəlxalq BMT missiyasının yerləşdirilməsindən ötrü gələcək addımları koordinasiya ediblər”.
*** Buna da bax: Ukrayna deputatı Rusiya ilə diplomatik münasibətlərin kəsilməsini istəyir
XATIRLATMA
Kiyev həmin ərazilərlə Rusiya arasındakı sərhəd vasitəsilə Rusiyadan separatçılara silah və hərbçi yardımı göndərildiyini bildirir.
Volker Surkov-la sonuncu dəfə oktyabrın 7-də Belqradda görüşüb. O zaman danışıqların yeri açıqlanmasa da, Serbiya mediası onların oteldə görüşdüyünü yazırdı.
Belqrad neytral ərazi sayılır. Volker görüşdən ötrü Rusiyaya getmək istəmədini bildirib, Surkov isə Avropa Birliyinə gedə bilmir. O, Rusiyanın Ukraynaya təcavüzünə görə qoyulmuş sanksiya siyahısındadır.
Tərəflər ilk dəfə avqustun 21-də Belarusun paytaxtı Minskdə görüşüblər.
Tillerson ABŞ-ın NATO-dakı keçmiş səfiri Tillerson-u iyulda Ukrayna danışıqlarına xüsusi elçi təyin edib.