Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 06:27

Daha bir cəbhəçiyə 15 sutka verildiyi deyilir


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xəzər şöbəsinin Binə qəsəbəsindəki fəallarından biri Əhsən Abdullayevin inzibati qaydada 15 sutka həbs cəzası aldığı bildirilir.

Bu barədə AXCP-dən məlumat yayılıb.

AXCP-dən verilən məlumata görə, Əhsən Abdullayevdən üç gün məlumat ala bilməyiblər. Dünən, noyabrın 12-də onun Balaxanı təcridxanasında saxlandığını eşidiblər.

Partiyadan bildirildiyinə görə, onun həbsinə səbəb kimi təhqirə yol verdiyi göstərilib. Cəbhədaşları isə onun həbsinin məhz siyasi motivli olduğunu bildirirlər.

AXCP-dən yayılan bu məlumata hələlik hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

SİYASİ FƏALLIĞA GÖRƏ 500 ŞƏXS POLİSƏ ÇAĞRILIB

«Ümumiyyətlə, son vaxtlar siyasi aksiyalarda və sosial şəbəkələrdə fəallığa görə vətəndaşların, xüsusən də müxalif siyasi partiyaların üzvlərinin cəzalandırılması adi hala dönür».

Bunu isə AXCP Ali Məslisinin sədri Nurəddin Məmmədli AzadlıqRadiosuna deyib:

«Təkcə Milli Şuranın oktyabrın 7-də, 14-də, 28-də keçirdiyi aksiyalarda fəal iştiraka və sosial şəbəkələrdə fəallığa görə 500-dən çox insan polisə dəvət edilib. Onlar ya cərimə ediliblər, ya inzibati cəza alıblar, ya da valideynləri və ya qohum-əqrəbalarına qarşı tədbirlər görüləcəyi ilə bağlı hədələniblər».

N.Məmmədlinin də bu dediklərini hələlik Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

XATIRLATMA

Milli Şura bu il sentyabr və oktyabr aylarında Bakıda «Talana yox!» şüarı ilə üç mitinq keçirib. Mitinqlər öncəsi və sonra quruma daxil olan AXCP-nin 10-dan çox fəalı saxlanaraq, inzibati qaydada həbs edilib. AXCP onların aksiyanın kütləviliyinin qarşısının alınması məqsədilə cəzalandırıldığını bildirib. Hərçənd, onların hamısı polisin əmrinə tabe olmamaqda günahlandırılıblar. Üstəlik, hər üç aksiya şəhər rəhbərliyi ilə razılaşdırılıb. AXCP-dən verilən məlumata görə, aksiyalar ərəfəsində yüzlərlə fəal polisə aparılıb, hədələnib. Ancaq belə məlumatlara Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Bütün bunlardan başqa, mitinqlərə görə bir neçə şəxsin işdən çıxarıldığı da açıqlanıb. Onların aralarında müəllimlərin, aktyorların və hətta poçt işçilərinin olduğu bildirilir. Ancaq onların iş yerlərində əmrlərin siyasi motivlərlə verildiyi təkzib edilib.

Ötən ay Avropa Birliyi Şurasının rəsmilərini qəbul edən prezident İlham Əliyev də kütləvi aksiyalar mövzusuna toxunub. Prezident deyib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin edilir. Dövlət başçısının deməsinə görə, sadəcə xalq belə aksiyaları dəstəkləmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG