Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 04:14

Müdafiə naziri NATO toplantısında çıxış edib


Zakir Həsənov

Bu gün, noyabrın 9-u Brüsseldə NATO-nun Əfqanıstandakı «Qətiyyətli Dəstək» missiyasına töhfə verən dövlətlərin müdafiə nazirlərinin görüşü keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan müdafiə naziri Zakir Həsənov da toplantıda iştirak edib.

Toplantıda Əfqanıstandakı təhlükəsizlik vəziyyəti və «Qətiyyətli Dəstək» missiyasının gələcəyi barədə müzakirələr aparılıb.

İclasda çıxış edən Z.Həsənov Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfədən bəhs edib.

Müdafiə naziri çıxışında Alyansın tərəfdaşı kimi, Azərbaycanın 2017-ci ildən sonra da Əfqanıstanın müdafiə və təhlükəsizliyinə yardım edəcəyini görüş iştirakçılarının nəzərinə çatdırıb.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

NATO-nun «Qətiyyətli dəstək» missiyası 2015-ci ilin yanvarından həyata keçirilir.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu Əfqanıstandadır.

Bundan başqa, 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit Əfqanıstandakı missiyada iştirak edir.

XATIRLATMA

1994-cü ildən Azərbaycan NATO ilə əməkdaşlıq edir. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Onların deməsinə görə, bir tərəfdən, hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə, islahatlardan çəkinir.

Hakimiyyət rəsmiləri isə bu tənqidləri qəbul etmir, Azərbaycanın balanslı siyasət yeritdiyini bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG