Qərb hökumətləri Kremlin demokratiyalara doğru «düşmən hərəkətlərinə» «məhdud və zəif» cavab veriblər. Bunu bir qrup təhlükəsizlik və xarici siyasət eksperti deyir.
Praqada mənzillənən «Avropa Dəyərləri» beyin mərkəzi «Demokratik Qərb Putin-i necə dayandırmalıdır» başlıqlı deklarasiya hazırlayıb. Sənəddə 70-dək ekspert vurğulayır ki, Rusiya prezidenti Vladimir Putin-in «Avratlantik məkanı parçalamaq və hökm sürmək» planını dayandırmaqdan ötrü addımlar atılmalıdır.
«Vladimir Putin demokratiyaları qorxutmaq və qısnamaq qərarı verib və Qərb siyasi isteblişmentinin böyük hissəsi bunu hələ də anlamayıb», – noyabrın 9-da yayılmış bəyannamədə deyilir.
«Bəzi ölkələr təhdidlərlə qorxudulur, digərlərinə vədlər verilir ki, antiqərb, antidemokratik və antiliberal mövqe tutsalar, onlara enerji sövdələşmələri veriləcək. Demək olar, bütün ölkələr isə casusluq, korrupsiya, mütəşəkkil cinayətkarlıq və azalmayan çoxsəviyyəli və çoxkanallı dezinformasiya kampaniyasına məruz qalırlar», – sənəddə vurğulanır.
*** Buna da bax: Avropanın yeni təklifləri Rusiyanın “Şimal axını 2” kəmərini sərfəsiz edə bilər
«ARAŞDIRMA BAŞLASIN»
Deklarasiya Avropa Birliyi xarici işlər nazirlərinin 13 noyabr görüşündən öncə yayılıb. Görüşdə birliyin şərq qonşularıyla strateji kommunikasiyasının necə işləməsi məsələsi müzakirəyə çıxarılacaq.
Sənəd siyasi liderləri Rusiyanın Qərb demokratiyalarına təhdidini etiraf etməyə, onun düşmən hərəkətlərini araşdırmağa və üzə çıxarmağa çağırır.
AB liderləri Rusiyanın dezinformasiya kampaniyasına 2015-ci ildə Şərqi Stratcom işçi qrupunu yaratmaqla cavab veriblər. İşçi qrupun məqsədi blokun dəyərlərini və siyasətini «Şərq qonşuluğu»nda yaymaqdır.
İşçi qrup həmçinin, Rusiya kimi xarici oyunçuların dezinformasiya fəaliyyəti barədə ictimai maarifləndirməni gücləndirməyə çalışır.
Bundan başqa, Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini qanunsuz ilhaq edəndən sonra AB Rusiyadan 150-dən çox şəxsin sərvətini dondurub, viza qadağaları qoyub. Di gəl, siyahıda çox az yüksəkçinli məmur var.
«CƏHDLƏR YETƏRLİ DEYİL»
Deklarasiyanı imzalayanlar bu cəhdləri yetərli saymırlar.
«Rusiyanın Qərbi Avropa ölkələrində təxribatçı metodları barədə məhdud anlayış var; bu səbəbdən Mərkəzi və Şərqi Avropa hökumətləri və vətəndaş cəmiyyəti qrupları Moskvanın düşməncəsinə gerçəkləşdirdiyi nüfuz əməliyyatlarından çıxarmış dərsləri fəal şəkildə öyrətməyə başlamalıdırlar», – sənəddə deyilir.
*** Buna da bax: Ukrayna deputatı Rusiya ilə diplomatik münasibətlərin kəsilməsini istəyir
Bu deklarasiyanın yayılmasından öncə birliyin əsasən Mərkəzi və Şərqi Avropadan olan səkkiz xarici işlər naziri AB-nin xarici siyasət rəhbəri Federica Mogherini-yə məktub göndərərək, onu Şərqi Stratcom-u gücləndirməyə çağırıblar.
Yeri gəlmişkən, Mogherini sənəddə tənqid olunur, iddia edilir ki, o, «son iki ildə Rusiyanı düşmən dezinformasiyasının əsas mənbəyi adlandırmaqdan yayınıb».
«Avropa bu təhdidi üstələmək istəyirsə, liderləri bunu adıyla çağırmalıdırlar. Avropalı təmsilçilər Rusiya liderlərinə deməlidirlər ki, demokratiyalarımıza qarşı bu düşmən təxribatçı cəhdləri dayanmalıdır», – bəyannamədə deyilir.