Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:57

Trump-ın müşaviri Rusiya baş nazirinin müaviniylə görüşübmüş


Carter Page Moskvada, 12 dekabr, 2016-cı il
Carter Page Moskvada, 12 dekabr, 2016-cı il

ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyası zamanı xarici siyasət müşaviri ötən il Rusiyaya səfəri zamanı Kremlin yüksəkçinli rəsmisiylə görüşdüyünü etiraf edib. O, Konqresə ifadəsində bunu boynuna alıb.

“BİR AZ ZARAFATLAŞDIQ”

Carter Page Trump seçilməmişdən öncə kampaniyadan gedib. Noyabrın 6-da yayılmış məlumata görə, o, ötən həftə Nümayəndələr Palatasının kəşfiyyat komitəsinə deyib ki, 2016-cı ilin iyulunda Rusiyaya çıxış etməyə getdiyi zaman baş nazirin müavini Arkady Dvorkovich-lə “qısa salamlaşıb”.

Bu barədə davamlı suallardan sonra Page bildirib ki, Moskvadakı Yeni İqtisadiyyat Məktəbində çıxışdan sonra Dvorkovich-lə danışıb. Page əvvəllər belə bir görüşün olmadığını deyirdi.

*** Buna da bax: Trump-ın keçmiş kampaniya rəhbərini ev məhbusluğundan azad etməyiblər

“Çox qısa ünsiyyətdə olduq. Bir az zarafatlaşdıq. Dəqiq nə dediyimi xatırlamıram, xoş arzular kimi bir şey idi, vəssalam”, – Page deyib.

Moskvada Merrill Lynch investisiya bankında çalışmış Page onu da deyib ki, 2016-cı ilin dekabrında Rusiyaya ikinci səfəri zamanı Dvorkovich-i yenə görüb.

Dvorkovich-lə şəxsi görüşü barədə sualı Page belə cavablandırıb: “Görüşdük – o, dekabrda universitet təmsilçiləriylə naharıma gəlmişdi”.

SESSİONS NƏ BİLİR

Hazırda ABŞ-ın kəşfiyyat qurumları Rusiyanın ötən ilki prezident seçkisinə mümkün müdaxiləsini araşdırır. Page də həmin istintaq çərçivəsində dindirilib.

Rusiya seçkiyə hər hansı müdaxilə etmədiyini, Trump da Kremllə əməkdaşlığa getmədiyini bildirib.

Page ifadəsində deyib ki, Rusiyaya səfəri haqda Trump kampaniyasının bəzi üzvlərini, o cümlədən, o vaxt senator olmuş, indiki baş prokuror Jeff Sessions-u bilgiləndiribmiş.

*** Buna da bax: Deripaska-nın AP-yə qarşı iddiası rədd olundu

Bu ifadə Sessions-un Trump-ın kampaniya köməkçiləriylə Rusiya arasında əlaqələrindən nə qədər xəbərdar olması haqda əlavə suallar yaradır.

Sessions martda Trump kampaniyasıyla bağlı istintaqa nəzarətdən kənara çəkilib. Səbəb onun kampaniya zamanı Rusiyanın keçmiş səfiri Sergey Kislyak-la iki dəfə söhbət etməsi və bunu açıqlamamasıdır. O vaxtdan Sessions Trump-ın seçki kampaniyasının üzləriylə Rusiya rəsmiləri arasında kommunikasiya barədə bilgisinin az olduğunu deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG