Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 15:04

Bu il 'Azəri-Çıraq-Günəşli'dən 5,2 milyard dollar gəlib


"Çıraq" platforması

2017-ci ilin 10 ayında Dövlət Neft Fondu (DNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı üzrə 5,2 milyard dollara yaxın gəlir əldə edib.

Bu haqda fondun press-relizində bildirilir.

Məlumata görə, bu il yanvarın 1-dən noyabrın 1-dək DNF-yə AÇG yatağından 5 milyard 195 milyon dollar həcmində gəlir daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə gəlirin artdığı bildirilir. Bu neftin son bir ildə qiymətinin nisbətən bahalaşması ilə izah edilir.

Buna da bax:​ HRW: 'Çoxmilyardlıq meqalayihələr Azərbaycanda korrupsiya və insan haqlarının pozulmasına yol açır'

DNF “Azəri-Çıraq-Günəşli” yatağından indiyədək daxil olmuş gəlirlər barədə də məlumat verib.

2001-ci ildən etibarən AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlərin həcmi 127 milyard 304 milyon dollar təşkil edib. Beynəlxalq şirkətlərin ödədiyi vergi və başqa bir sıra məqamları da nəzərə aldıqda AÇG üzrə neft sazişindən Azərbaycanın indiyə kimi 151 milyard dolar əldə etdiyi bildirilir.

DNF press-relizdə AÇG-də hasilatın xüsusiyyətləri barədə bilgi verməyib.

Xatırlatma

AÇG bloku üzrə ilk saziş 1994-cü il sentyabrın 20-də imzalanmışdı. AÇG Bakıdan şərqdə, təxminən 100 km məsafədə yerləşən yataqdır. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kvadrat kilometrdən çox ərazini əhatə edir.

Layihə iştirakçıları BP (35,78 faiz), “Chevron” (11,27 faiz), “ExxonMobil” (8 faiz), ONGC (2,72 faiz), SOCAR (11,65 faiz) şirkətləridir. Yataqda, habelə “Inpex Corp”, “ITOCHU Oil”, “Statoil” və TPAO şirkətlərinin də payı var.

Bu il sentyabrın 14-də AÇG-nin işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilən və yenidən tərtib olunan sazişi (PSA) imzalanıb. Sazişi bu dəfə BP, SOCAR, "Chevron", "Inpex”, "Statoil", "ExxonMobil", TPAO, "Itochu" və "ONGC Videsh Ltd." (OVL) şirkətlərinin rəhbərləri imzalayıblar.

Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən, BP layihənin yenə operatoru olacaq.

Sazişin bir hissəsi kimi SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılacaq. Beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 mlrd. dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd.-dan artıq sərmayə qoyulması potensialı var.

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP - 30,37, AzACG (SOCAR) - 25, “Chevron” - 9,57, "Inpex" - 9,31, "Statoil" - 7,27, "ExxonMobil" - 6,79, TPAO - 5,73, "Itochu" - 3,65 və "ONGC Videsh Limited (OVL)" - 2,31 faiz.

Günün bütün mövzuları

XS
SM
MD
LG