Getdikcə daha çox amerikalı prezident Donald Trump-a inamının azaldığını, yaxud heç olmadığını bildirirlər. Bu inamsızlıq onun beynəlxalq böhranları, icraedici qanadı necə idarə etməsi, eləcə də Konqresdəki işiylə bağlıdır. Bu gün amerikalıların cəmi 34%-i Trump-ın ümumi işini alqışlayır, 59% ondan narazıdır. Bunu “Pew” araşdırma mərkəzi üzə çıxarıb.
Ancaq bir məsələ də var ki, Trump-ın iş reytinqi aparıcı respublikaçı və demokrat konqresmenlərdən yüksəkdir. Cəmi 22% Konqresin respublikaçı liderlərinin işindən razıdır, fevraldan bəri bu göstərici 12% azalıb.
*** Buna da bax: Kreml trollarının sosial şəbəkələrdə amerikalılara göstərdiyi reklamlar açıqlanıb
45 FAİZ BÖHRANI HƏLL EDƏCƏYİNƏ İNANMIR
Demokrat liderlərin iş reytinqləri respublikaçılardan yaxşı olsa da (29% onları dəstəkləyir), onların da göstəricisi fevraldakından (37%) azdır.
“Pew” bu sorğunu 25-30 oktyabr tarixlərində, 1504 nəfər arasında keçirib. Trump-ın iş reytinqinin iyun və fevraldakından (hər ikisində 39% olub) azaldığı görünür.
Trump Asiyaya ilk prezident səfərinə hazırlaşdığı bir vaxtda respondentlərin 39 faizi deyib ki, onun beynəlxalq böhranı idarə etmək bacarığına çox, yaxud müəyyən qədər inanır. Altı ay öncə 48 faiz belə deyirdi. 10 nəfərdən altısı (14%) buna elə də inanmadığını, 45 faizsə heç inanmadığını söyləyib. Trump-ın okeanın o tayında böhran həll etmək bacarığına heç inanmayanların sayı apreldən bəri yeddi faiz yüksəlib.
Cəmi 39% düşünür ki, Trump-ın Şimali Koreyadakı durumu idarə etmək bacarığına azından müəyyən qədər inanırlar; 13% buna çox inanmadığını, 46% heç inanmadığını dilə gətirib.
*** Buna da bax: Trump-ın keçmiş kampaniya rəhbərini ev məhbusluğundan azad etməyiblər
RESPUBLİKAÇILAR VƏ DEMOKRATLAR
İlin əvvəlindən Konqresdəki hər iki partiya liderlərinə dəstək də azalıb – bunun əsas səbəbi öz partiyalarının liderləri haqda müsbət fikir ifadə edən respublikaçı və demokratların sayının azalmasıdır.
Fevralda amerikalıların 34 faizi (respublikaçıların və respublikaçılara meyllilərin 68 faizi daxil olmaqla), Konqresdəki respublikaçı liderlərin öz işlərindən öhdəsindən necə gəldiklərini alqışlayırdılar. Bu gün respublikaçı liderlərin işinə dəstək 22%-ə düşüb, respublikaçıların isə cəmi 39%-i onların işini alqışlayır.
Fevraldan bəri Konqresdəki demokrat liderlərin iş reytinqi 8 faiz azalıb (37%-dən 29%-ə düşüb); demokratların və onlara meyllənənlərin 44%-i partiyanın konqresdəki liderlərinin işini bəyənir. Səkkiz ay öncə bu say 58% idi.