Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 12:04

Şadlıq sarayları hər gün qonorar ödəyəcək


Bundan sonra klublarda, kafelərdə, restoranlarda və digər ictimai yerlərdə mətnli, yaxud mətnsiz musiqili əsərlərin istifadəsinə görə aylıq müəllif qonorarı toplanacaq.

Nazirlər Kabinetinin «Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı haqqında» qərarı ilə bağlı Müəllif Hüquqları Agentliyinin açıqlamasında belə göstərilir. Sözügedən qərar 1997-ci ildə qəbul edilib, Nazirlər Kabineti ona oktyabrın 20-də dəyişikliklər edib.

Agentliyin açıqlamasında vurğulanır ki, musiqili əsərlərin ifa edilməsi, yaxud mexaniki səsləndirilməsinin fərqi olmayacaq, müəllif qonorarı ödənilməlidir:

«Obyektlərin sahibləri tərəfindən bir hesabat ayı üçün Bakı, Sumqayıt , Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat həcmində müəllif qonorarı odənilməlidir. Həmin obyektlərin icarəyə verildiyi hallarda icarə müqaviləsində qonorarı kimin ödəyəcəyi göstərilməlidir. Bu qayda toy mərasimlərinə və kütləvi konsert tədbirlərinə şamil olunmur».

Agentliyin açıqlamasında o da vurğulanır ki, kafelərin, restoranların, barların sahibləri ay ərzində obyektdə səsləndirilən musiqili əsərlərin siyahısını da təqdim etməlidirlər.

Açıqlamada toy mərasimləri keçirilən məkanların müəllif qonorarı ödəməsi qaydasına da aydınlıq gətirilir.

«Musiqili əsərlərin şadlıq evlərində, kafelərdə, restoranlarda keçirilən toy mərasimlərində istifadəsinə görə həmin obyektlərin sahibləri hər gün (əgər toy varsa) Bakı, Sumqayıt, Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar ödəməlidir», - açıqlamada yazılır.

Audiovizual əsərlərin efir və kabel televiziyası ilə yayımlanmasına görə də müəllif qonorarı ödənilməlidir. Agentlik bildirir ki, hüquqi və fiziki şəxslər buna görə hesabat ayı üzrə nəzərdə tutulan ümumi büdcəsinin 0.5 faizi həcmində qonorar ödəməlidir. Həmin qonorarın audiovizual əsərlərin istehsalçılarına ödəniləcəyi bildirilir.

XATIRLAMA

Prezident İlham Əliyev 2016-cı ilin noyabrında «Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» Fərman imzalamışdı. Həmin fərmana uyğun olaraq, Müəllif Hüquqları Agentliyinin əsasında «Müəllif Hüquqları Agentliyi» publik hüquqi şəxsin yaradılması nəzərdə tutulurdu.

«Müəllif Hüquqları Agentliyi» publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alınana qədər dövlət orqanı kimi fəaliyyətini davam etdirib.

Bu il sentyabrın 6-da isə ölkə başçısı Müəllif Hüquqları Agentliyi publik hüquqi şəxsinin nizamnaməsini təsdiqləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG