Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:06

'Hərraclar iqtisadiyyata ziyan vurur'-Media icmalı


Xaliq Bahadır

Ana dilinin qorunması, depozit hərracları, Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehran görüşü bu gün (2 noyabr 2017-ci il) medianın aparıcı mövzularındandır...

ANA DİLİ

Azadliq.info saytında «Dilimiz dəyişməz dəyərimizdir» sərlövhəli yazı oxumaq olar.

Müəllif Xaliq Bahadır yazır ki, ölkə gerçəklərini yazan AzadlıqRadiosunun saytına blok qoyulub. «Turan» İnformasiya Agentliyi qapadılmış duruma gətirilməkdədir.

Yazıda prezident İlham Əliyevdən belə bir sitat da gətirilir: «Azərbaycan mətbuatında yalan, qərəzli məlumatların sayı kəskin azalıb».

Müəllifin fikrincə, əslində isə hakimiyyət Azərbaycanda bütün gerçəklərin yalan donuna bürünməsini istəyir:

«Bircə o neft gəlirləriylə innovasiyalar yoluyla aqrar sektordan tutmuş bilim alanınadək Azərbaycanı gəlişdirib dünyanın ən qabaqcıl, ən üstün, ən varlı ölkələrindən birinə çevirmək olardı. Ancaq demokratiyadan diktaturaya keçid etməklə, korrupsiyanı, monopoliyanı dövlət politikasına dönüşdürməklə ölkə çox-çox illər geriyə atıldı. Bilim (elm), ayrıca olaraq dil baxımından da eləcə».

Yazıda dilin adının dəyişdirildiyini (türk dili yenidən Azərbaycan dili edildi-AR) xatırladan müəllif vurğulayır ki, indi də bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığını müəyyənləşdirmək siyasəti altında səhv addımlar atılır:

«Dil qanunlarını bilmədən dildən danışmaq da, məncə, tarixi saxtalaşdırmaq kimi bir şeydir: sözsüz, burada söhbət dil qanunlarına bağlı dil tarixindən gedir. Hərdən ulusların özləri kimi dilləri də saldırıya (təcavüzə-işğala) uğrayır: dili saldırılardan – aqressor sözlərdən qorumaq aydınlar üçün başlıca borca çevrilməzsə, onda aydınlıqdan danışmağa dəyməz!».

Manat
Manat

DEPOZİT HƏRRACLARI: ZİYAN-XEYİR NİSBƏTİ

«Exo» qəzetində «Manata dəstək hərracları Azərbaycan iqtisadiyyatına ziyan vurur» sərlövhəli yazı diqqət çəkir.

Müəllif sərlövhədə gündəmə daşınan mövzunu ekspertlərlə müzakirə edir.

«Oktyabrın 30-da keçirilmiş son depozit hərracında tələb təklifi 3.7 dəfədən çox üstələyib. Bu isə o deməkdir ki, Azərbaycan bankları Mərkəzi Bankla birgə işləyir, əhali və ya sahibkarlarla təmas istəmirlər», - deyə ekspertlər qəzetə deyiblər.

Ekspertlərin fikrincə, bank sistemindən vəsaitlərin yığışdırılması iqtisadi artımı dayandıracaq. Onlar hesab edirlər ki, maliyyə bazarı faktiki bağlanıb, kreditləşdirmə isə dayandırılıb.

Ekspertlərə görə, Mərkəzi Bankın təşkil etdiyi manata dəstək hərracları iqtisadiyyata ziyan vurur. Yazıda bu hərraclar ikibaşlı ağacla müqayisə edilir. Ekspertlər xatırladırlar ki, bir tərəfdən banklarda hər ay problemli kreditlərin həcmi artır, iqtisadi fəallıq, ÜDM azalır, digər tərəfdən isə banklar kredit vermək istəmirlər.

Ekspertlər hesab edirlər ki, bütün bundan irəli gələrək, banklar kapitallarını qorumaq və artırmaq məqsədilə daha təhlükəsiz üsul seçirlər:

«Ən təhlükəsiz üsul Mərkəzi Bankın depozit hərraclarıdır. Burada pul itirmək riski yoxdur, şərtlər də kifayət qədər əlverişlidir. Odur ki, banklar pullarını tənzimləyiciyə məmnunluqla verirlər. Bunu da deyək ki, ayda bir neçə dəfə keçirilən hərraca kreditləşdirməyə yönəldilməli olan pullar cəlb edilir».

Yazıda vurğulanır ki, bununla Mərkəzi Bank həm də mümkün devalvasiya prosesini yubatmaq istəyir:

«Amma bu, mümkün deyil. Artıq ilyarımdır ki, tənzimləyici bu müvəqqəti üsuldan daimi üsul kimi istifadə edir. Bu isə iqtisadi artıma mənfi təsir göstərir».

V.Putin, H.Ruhani və İ.Əliyev
V.Putin, H.Ruhani və İ.Əliyev

ZAMANIN TƏLƏBİ –ÜÇTƏRƏFLİ FORMAT

«Azərbaycan» qəzetində isə «Azərbaycan-İran-Rusiya əməkdaşlığı regionda sabitliyə xidmət edir» sərlövhəli yazıda noyabrın 1-i keçirilmiş Tehran görüşü dəyərləndirilir.

Müəllif xatırladır ki, bu formatda ilk görüş keçən il Bakıda olub. O vaxt üç ölkənin prezidentləri - İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin Bakıda bir araya gəlib əməkdaşlıq formatının konturlarını müəyyən ediblər.

Müəllifə görə, belə bir regional əməkdaşlıq formatının meydana çıxması zamanın tələbindən irəli gəlib. Dünyada cərəyan edən mürəkkəb geosiyasi-geoiqtisadi proseslər bu formatı zərurətə çevirib:

«Xüsusilə böyük güc mərkəzlərinin Yaxın Şərqi gərginlik məkanına çevirməsi təkcə bitişik bölgələri yox, həm də nisbətən uzaq ölkələri də ciddi narahat edir. Odur ki, qarşıya çıxan riskləri aradan qaldırmaq və davamlı inkişafı təmin etmək üçün ikitərəfli əlaqələrlə yanaşı, çoxtərəfli əməkdaşlıq formalarının yaradılması zərurəti günün vacib məsələsi kimi ortaya çıxırdı».

Yazıda vurğulanır ki, üç qonşu ölkə arasında energetika sahəsində əməkdaşlıq davamlı inkişaf edir. Üstəlik, Azərbaycanın Rusiya və İranla nəqliyyat sahəsində əməkdaşlığı da böyük perspektivlər vəd edir.

Müəllif yazır ki, Azərbaycan, İran, Rusiya prezidentləri müzakirələr zamanı təhlükəsizlik, energetika və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetiriblər.

Yazıda bildirilir ki, Azərbaycan-İran-Rusiya əməkdaşlıq formatı zaman keçdikcə reallığa çevrilir. Üçtərəfli formatın iştirakçısı olan ölkələr onun regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa əhəmiyyətli töhfə verəcəyinə əmindirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG