Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:09

Vəkilləri hələ də Cahangir Hacıyevlə görüşə bilmir


Cahangir Hacıyev

“Mən və həmkarım Aqil Layıcov müdafiə etdiyimiz Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə sentyabr ayının sonundan bu yana görüşə bilmirik”.

Vəkil Fəxrəddin Mehdiyev AzadlıqRadiosu-na açıqlamasında belə deyib.

Onun sözlərinə görə, C.Hacıyevin saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisədə əvvəllər də vəkillərə müdafiə etdiyi şəxslərlə görüş çətinliklə verilib.

“Amma o zaman da əsassız da olsa cəzaçəkmə müəssisəsində vəkillə məhbusa görüş yeri olmadığını əsas gətirib, görüş vermirdilər. İndi isə hər hansı əsas gətirmirlər, sadəcə, görüşə buraxmırlar”, – vəkil bildirib.

Buna da bax: Akif Çovdarova 12 il həbs cəzası verildi [yenilənib]

Vəkil əlavə edib ki, şəhərdən xeyli kənarda yerləşən bu cəzaçəkmə müəssisəsinə gedərək bir neçə saat görüş verilməsini gözləyirlər, nəticədə əliboş geri qayıdırlar.

“Bunu qanunsuz hesab edirik. Bununla bağlı Ombudsman Aparatına, Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə müraciət ünvanlamışıq. Ancaq Penitensiar Xidmət cavab verib ki, vəkillə görüşə məhdudiyyət qoyula bilməz. Şəxsiyyət vəsiqənizi təqdim edin, görüşə icazə alın. Bundan sonra dəfələrlə getməyimizə baxmayaraq yenə də görüşə icazə verilməyib”.

Buna da bax: Vəkil: “Bir aya yaxındır, Cahangir Hacıyevlə görüşə icazə verilmir”

Vəkil hesab edir ki, görüşə imkan verilməməsi səbəbsiz deyil.

“Bunu həm vəkillərə, həm də müdafiə etdiyimiz şəxsə təzyiq kimi dəyərləndiririk”, – F.Mehdiyev bildirib.

Vəkilin dediklərinə Penitensiar Xidmətdən, hələlik, münasibət almaq mümkün olmayıb.

Ancaq bir qədər əvvəl, qurum vəkillərinin keçmiş bankirin cərimə kamerasına salınması ilə bağlı dediklərinə münasibət bildirmişdi.

Onda Penitensiar Xidmət bildirirdi ki, Cahangir Hacıyev bir başqa məhbusun da növbəsində telefonla danışmaq istəyib. Bu məsələ daxili qaydaların pozulması kimi dəyərləndirilərək ona cəza verilib.

Ancaq onda müdafiə tərəfi baş verənləri keçmiş bankirin mətbuata müsahibə verməsi ilə izah etmişdi.

XATIRLATMA

C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub. Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan keçmiş bankir 15 il azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxlayıb.

C.Hacıyev özünü təqsirli bilmir və ittihamları qəbul etmir.

C.Hacıyev yaxınları və vəkilləri ilə görüşə bilmədiyi günlərdə - oktyabrın 12-də barəsində çıxarılan hökmdən Ali Məhkəməyə verdiyi kassasiya şikayətini geri götürüb. Bunu C.Hacıyevin işinə baxan hakim İnqilab Nəsirov açıqlayıb.

C.Hacıyevin vəkilləri şikayətin geri götürülməsini kassasiya şikayətinin yenidən hazırlanması zərurəti ilə izah ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG