Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:10

Hərbiyə aparılan NİDA-çının şikayətinə baxılacaq


Ülvi Həsənli

NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin möhlət hüququ olsa da, hərbi xidmətə aparılan üzvü Ülvi Həsənlinin verdiyi şikayət Bakı Hərbi Məhkəməsində icraata götürülüb.

Bunu AzadlıqRadiosuna onun vəkili Elçin Sadıqov bildirib.

Vəkilləri vasitəsilə məhkəmə nəzarəti qaydasında verilən şikayətdə Ü.Həsənlinin insan ləyaqətini alçaldan rəftara və işgəncəyə məruz qaldığı iddia edilir.

E.Sadıqov deyir ki, şikayət Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrlik etdiyi heyətin icraatına verilib. Şikayətə noyabrın 4-də baxılmalıdır.

Vəkillər məhkəmədən xahiş ediblər ki, Ü.Həsənlinin prosesdə iştirakı və ekspertizadan keçirilməsi təmin olunsun.

E.Sadıqov həmçinin deyib ki, Ü.Həsənlinin işi ilə bağlı baş prokurora, hərbi prokurora, Müdafiə Nazirliyinə də şikayət göndərilib. Ancaq hələlik şikayətlərlə bağlı hər hansı araşdırma aparılması təmin edilməyib, Ü.Həsənli hələ də ekspertizaya təqdim olunmayıb.

XATIRLATMA

İctimai-siyasi fəal gənclərin birliyi olan NİDA hərəkatının fəalı Ü.Həsənlinin oktyabrın 26-sı hərbi xidmətə aparıldığı bildirilirdi. Bununla bağlı hərəkat məlumat yaymışdı.

Məlumatda qeyd edilirdi ki, müayinədən ötrü getdiyi xəstəxanada onu hərbi polis saxlayıb. Onun xəstəxanadan hərbi hissələrdən birinə aparıldığı deyilir.

Hərəkat bəyan etmişdi ki, Ü.Həsənlinin hərbi xidmətdən 2019-cu ilədək möhlət hüququ olub.

Vəkillərinin deməsində görə, o, hələlik N saylı hərbi hissələrdən birində saxlanılır. Onun andiçməyə qədər həmin hərbi hissədə saxlanılacağı bildirilir.

Əlaqəli rəsmi qurumlar Ü.Həsənlinin hərbi xidmətə aparılması və işgəncəyə məruz qalması ilə bağlı vəkilinin açıqlamasına hələ ki, cavab vermir.

NİDA hərəkatı ictimai-siyasi fəal gənclərin birliyidir. Təşkilatın manifestində bildirilir ki, məqsədləri hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsidir. Təşkilatın bir neçə üzvü hazırda həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG