Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:40

Səfir: 'İnsan hüquqları sazişin mühüm hissəsidir'


Azərbaycan-AB

«İnsan hüquqları, demokratiya, qanunun aliliyi Avropa Birliyi və Azərbaycan arasında əməkdaşlığın mühüm məsələləridir. Bütün bunlar tərəflər arasında gələcək tərəfdaşlıq sazişinin tərkib hissəsidir».

Bu sözləri Avropa Birliyinin (AB) Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib. O, oktyabrın 31-i «Şərq Tərəfdaşlığı» ölkələrində 2015-2018-ci illər üzrə illik «Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq» adlı toplantıda çıxış edib.

Səfir vurğulayıb ki, insan hüquqları, demokratiya, qanunun aliliyi məsələləri oktyabrın 16-dan 17-nə kimi Brüsseldə bu profil üzrə altkomitənin iclasında ətraflı müzakirə predmeti olub. O, AB-nin Azərbaycana ikitərəfli əsaslarla yardım etməsindən bəhs edib.

«Bu yaxınlarda AB və Azərbaycan arasında imzalanan maliyyə sazişinə əsasən, əhalinin sosial cəhətdən az müdafiə olunan təbəqələrinə hüquqi yardım, məişət zorakılığı ilə mübarizə üçün 3 mln. avro ayrılır. «Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq» çərçivəsində artıq həyata keçirilmiş layihələrə gəlincə, müəyyən nəticələrə baxmayaraq, daha çox hiss olunan nəticələrə ehtiyac var», - deyə o bildirib.

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. «Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Hazırda əməkdaşlıq sazişi ətrafında danışıqlar davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG