Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:12

PX G.Bayramlı və Ə.Muxtarlıya qadağa qoyulmadığını deyir


Ədliyyə nazirliyi

Penitensiar Xidmət Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müavini Gözəl Bayramlının və jurnalist Əfqan Muxtarlının telefonla danışıq hüququnun məhdudlaşdırılması barədə vəkillərinin iddiasını təkzib edib.

Adları çəkilən şəxslərin vəkillərindən Zibeydə Sadıqova AzadlıqRadiosu-na deyib ki, Penitensiar Xidmətdən bununla bağlı məktub alıblar.

“Ə.Muxtarlı və G.Bayramlı istədikləri şəxslərlə telefonla danışmaqda problemlərlə üzləşirlər. Onlara yalnız konkret şəxslərlə danışmağa icazə verilir. Müdafiə tərəfi bununla bağlı Penitensiar Xidmətə müraciət edib, araşdırma aparılmasını istəmişdi”, – vəkil deyib.

Buna da bax: Akif Çovdarova 12 il həbs cəzası verildi [yenilənir]

Onların müraciətinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat-rejim rəisi Mirsaleh Seyidov cavab verib.

Cavab məktubunda qeyd edilir ki, istintaq orqanı və ya təcridxana rəhbərliyi Ə.Muxtarlı ilə G.Bayramlının telefon danışıqlarına heç bir məhdudiyyət qoymayıb.

Məktubda o da vurğulanır ki, Bakı İstintaq Təcridxanasında saxlandığı dövrdə Gözəl Bayramlı tez-tez telefon danışıqları hüququndan istifadə edib. Müxtəlif vaxtlarda onun 29 dəfə yaxın qohumları və digər şəxslərlə əlaqə saxladığı bildirilir. Əfqan Muxtarlıya isə təcridxanada 37 dəfə telefonla danışmaq imkanı yaradıldığı açıqlanıb.

Buna da bax: ‘Nardaran işi-3’: 'Bu adamlar terrorçu deyil, günahsızdır'

Ə.Muxtarlı və G.Bayramlının vəkilləri Penitensiar Xidmətin açıqlaması ilə razı deyil.

XATIRLATMA

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib.

Oturun izni ilə Gürcüstanda yaşayan Ə.Muxtarlı isə mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlar isə onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG