Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:15

Avropa Məhkəməsində İ.Məmmədov haqda ikinci qərar gözlənir


İlqar Məmmədov

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədovla bağlı növbəti qərarını açıqlayacaq.

Bunu onun vəkili Fuad Ağayev deyib.

Vəkilin bildirdiyinə görə, AİHM-in növbəti qərarı REAL lideri haqda açılmış əsas cinayət işi ilə bağlıdır. Qərar noyabrın 16-da elan edilməlidir.

«İkinci qərar İ.Məmmədov barəsində cinayət işinə baxan Şəki Ağır cinayətlər və Apellyasiya məhkəmələrində və Ali Məhkəmədə onun hüquqlarının kobud pozulması ilə bağlıdır», - vəkil bildirib.

Sözügedən qərar İ.Məmmədovun vəkillərinin ötən il göndərdiyi şikayət əsasında çıxarıla bilər. Vəkillər şikayətlərində iddia ediblər ki, Azərbaycan dövləti İ.Məmmədova münasibətdə Avropa Konvensiyanın 6-cı (Ədalətli məhkəmə araşdırması ) və 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri) maddələrində nəzərdə tutulan hüquqlarını pozublar. Şikayət habelə, 14-cü (Ayrıseçkiliyin qadağan olunması), 17-ci (Hüquqlardan sui-istifadənin qadağan olunması) və 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrində nəzərdə tutulan hüquqları da əhatə edir.

Məhkəmədən pozuntuların tanınması və dəymiş maddi, mənəvi zərərin kompensasiya edilməsi istənilib.

XATIRLATMA

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) artıq onun bir şikayətini təmin edib. Məhkəmə 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Avropa Şurasının baş katibi Torbörn Yaqland AİHM qərarına rəğmən, onun azadlığa buraxılmamasına görə Azərbaycana qarşı «misli görünməmiş» hüquqi hərəkət edilməsinə çağırıb.

Avropa Şurası Nazirlər Komitəsi oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də AİHM-ə müraciət etmək niyyətindədir. Söhbət Avropa İnsan Hüquqları Məhkəməsinin İ.Məmmədovla bağlı qərarına Bakının əməl etməməsindən gedir.

Qərarda həmçinin deyilir ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini ən geci noyabrın 29-na kimi bildirə bilər.

Nazirlər Komitəsi Azərbaycana qarşı Avropa Konvensiyasının 46 maddəsi ilə öz öhdəliyini yerinə yetirməmə məsələsini qaldıra bilər. Bu, Azərbaycana bir növ xəbərdarlıqdır. Növbəti addımlar hələ gələ bilər.

Avropa Şurasının 68 illik tarixində hələ heç bir ölkəyə 46-cı maddə ilə öz öhdəliyini yerinə yetirməmə məsələsi tətbiq olunmayıb. Ona görə həmin prosedurun başlamasının Azərbaycandan ötrü hansı nəticələri doğuracağını hələlik heç kəs konkret söyləyə bilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG