Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 12:03

'Xarici investisiyanın təşviqi nəticəsiz qalıb'-Media icmalı


Cib
Cib

Bakı-Tbilisi-Qars dəmir yolu, məhkəmələrdə bank-müştəri çəkişmələri və ölkə iqtisadiyyatında xarici investisiyanın payı bu gün (30 oktyabr 2017) medianın aparıcı mövzularındandır...

MƏHKƏMƏLƏRDƏ BANK-VƏTƏNDAŞ ÇƏKİŞMƏLƏRİ

«Exo» qəzetində «Azərbaycan vətəndaşlarının banklarla problemi kütləvi xarakter alıb» sərlövhəli yazı oxumaq olar

Yazıda kredit borcları ilə bağlı banklarla müştərilər arasında məhkəmə çəkişmələri ekspertlərlə müzakirə edilir.

«Azərbaycanda bank və qeyri-bank təşkilatları ilə məhkəmə çəkişmələri artmaqdadır. Adətən iddiaçı kimi banklar çıxış edirlər. Son illər məhkəmə icraçıları xidmətində problemli kreditlərlə bağlı işlərin artması faktı bunu sübut edir», - deyə ekspert rəylərində bildirilir.

Yazıda vurğulanır ki, kredit portfelində problemli kreditlərin payı da artmaqda davam edir. Ekspertlər söyləyiblər ki, bəzi hallarda banka borcu olan şəxslərin hər hansı əmlakının olmadığı da üzə çıxır.

Yazıda vəziyyətdən çıxış yolları belə göstərilir:

«Bu problem kütləvi xarakter alıb. Odur ki, həllini dövlət səviyyəsində gözləyir. Hazırda banklar devalvasiya prosesləri və kreditlərin qaytarılmaması sahəsində daha çox əziyyət çəkmiş tərəfdir və buna da günahkar özləridir. İqtisadi böhrana və manatın məzənnəsi enənə qədər banklar kreditləri sağa sola səpələyirdilər. Bir çox banklar qanunvericilik sahəsindən kənar xidmətlər həyata keçirirdilər».

Ekspertlərin deməsinə görə, hətta banklar bəzi hallarda kredit götürən şəxsin gəliri və ya girov qoymağa əmlakının olub –olmaması ilə belə maraqlanmayıblar.

Yazıda vurğulanır ki, iqtisadi böhran başladıqda, depozit və əmanətlər banklardan çıxarıldıqda, xaricə kapital axını baş verəndə, kredit təşkilatları təlaşa düşüblər.

Ekspertlər onu da bildiriblər ki, məhkəmələrə təkcə banklar yox, vətəndaşlar da müraciət edirlər. Bu şikayətlər isə müəyyən mükafat əvəzində kredit borclarını banklara qaytarmağa çalışan kollektorların kobud davranışları ilə bağlıdır.

Hazırda ölkədə problemli kreditlərin həcminin 1 milyard 800 milyon manatı keçdiyi açıqlanıb.

İnvestisiya quyusu. Karikatura
İnvestisiya quyusu. Karikatura

YÜK DÖVLƏT BÜDCƏSİNƏ DÜŞÜR

«Novoye Vremya» qəzetində «Əsas kapitala pulları kim ayırır?» sualına cavab axtarılır.

Yazıda əsas kapitala yönəldilən vəsait kontekstində ölkədə iqtisadi durum dəyərləndirilir. Müəllif vurğulayır ki, beynəlxalq institutlar öz rəylərində ölkəyə yatırılan vəsaitlərə böyük önəm verirlər:

«Bəzi hallarda onları investisiyanın həcmidən də daha çox onun artması və ya azalması meyli maraqlandırır. Buna uyğun olaraq da ölkənin inkişaf edib-etməməsi barədə nəticə çıxarırlar».

Yazıda rəsmi statistikaya istinadən bildirilir ki, bu ilin 9 ayında əsas kapitala 11090.8 milyon manat həcmində investisiya yatırılıb. Bu, keçən il ilə müqayisədə nominal baxımından 8 faiz çoxdur.

Müəllif xatırladır ki, bəhs edilən dövrdə inflyasiya 13.9 faiz təşkil edib. Bu isə reallıqda ölkəyə investisiya yatırımlarının azaldığı anlama gəlir.

Yazıda vurğulanıb ki, bu il investisiya yatırımının 73.1 faizi tikinti-montaj sahəsinə yönləndirilib.

İnvestisiya yatırımının 67.5 faizi müəssisələrin öz vəsaitləri hesabına təmin edilib. Bu müəssisələrin çoxu bu və ya başqa şəkildə dövlətə bağlıdır.

Yazıda həmçinin qeyd edilir ki, banklar əsas kapitala əhəmiyyətli dərəcədə investisiya yönəltməyib. Bu, cəmi 5.2 faiz təşkil edib.

Müəllifin gəldiyi nəticəyə görə, bütün bunlar o deməkdir ki, hökumətin ölkəyə xarici investisiya cəlb etmək siyasəti nəticəsiz qalıb.

Yazıda vurğulanır ki, ölkənin əsas yükü dövlət büdcəsinin üzərinə düşür.

Dəmir yolu
Dəmir yolu

AVROPAYA ƏN QISA YOL

«Azərbaycan» qəzetində «Avropa ilə Asiya arasında ən qısa yol Bakıdan keçir» sərlövhəli yazıda bu gün, oktyabrın 30-u açılışı keçiriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən bəhs edilir.

Müəllif Azərbaycanı Avropa və Asiya qitələrinin ən uzaq dövlətlərini birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri adlandırır.

Yazıda bildirilir ki, Azərbaycan hakimiyyətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri də ölkənin tranzit mərkəzinə çevrilməsini təmin etməkdir:

«Hava limanlarının, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi bu sahənin inkişafına təkan verib. Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmini daha da artırıb».

Yazıda vurğulanır ki, bu təşəbbüslərdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası başa çatıb. Bu gün, oktyabrın 30-u isə Bakıda bu dəmir yolu xəttinin açılışı mərasimi keçiriləcək.

Müəllif bu dəmir yolunun beynəlxalq mahiyyətini çatdırmaqdan ötrü prezident İlham Əliyevdən sitat gətirir:

«Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Asiya ilə Avropanı birləşdirəcək, tarixi İpək Yolunu qurmaq üçün çatışmayan dəmir yolu əlaqəsini yaradacaq. Bu nəqliyyat marşrutu malların Çindən Avropaya, Avropadan Çinə gətirilməsi üçün ən qısa yol olacaq».

XS
SM
MD
LG