Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:28

Oktyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində «Müsəlman Birliyi» Hərəkatının üzvü, ilahiyyatçı Taleh Bağırovun tərəfdarı və Nardaran hadisələri ilə bağlı məhkəmələrin fəal iştirakçısı olan Əhsən Nuruzadənin şikayətinə baxılıb. Apellyasiya şikayəti fəalın ev dustaqlığına buraxmaqdan imtina edən Nərimanov Rayon Məhkəməsinin qərarından verilib.

Məhkəmədə Əhsən Nuruzadənin vəkili Yalçın İmanov deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin həbsdə saxlanması üçün heç bir ciddi əsas yoxdur. İttihamın saxta olduğunu deyən vəkil şikayətin təmin olunmasını, onun ev dustaqlığına buraxılmasını istəyib.

Amma Əmir Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra şikayətin təmin olunmadığını açıqlayıb.

Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, Əhsən Nuruzadənin həbs qərarından Avropa Məhkəməsinə şikayət göndəriləcək.

XATIRLATMA

Ə.Nuruzadə oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.

Amma dindar fəal ittihamı rədd edir, narkotikin cibinə idarədə elə polis tərəfindən atıldığını bildirir.

Ə.Nuruzadə bundan öncə də iki dəfə - 19 yanvar və 24 sentyabrda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, günlərlə onun yaxınlarına yeri haqda heç bir məlumat verilməyib, ardınca da hər dəfə 10 sutka inzibati həbs cəzası verilməsi haqda danışıb. Hər iki məhkəmə qərarında da inzibati həbsin səbəbi eyni göstərilib – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçəndə telefonla danışarkən söyüş söymək, onu intizama dəvət edən polislərə tabe olmamaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG