Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:09

Əfqan Muxtarlının iki şikayəti geri çevrilib


Əfqan Muxtarlı

Bakı Apellyasiya Məhkəməsi bu gün, oktyabrın 26-sı həbsdəki jurnalist Əfqan Muxtarlının işi ilə bağlı iki şikayətə baxıb. Şikayətlərin heç biri təmin edilməyib.

Bunu AzadlıqRadiosu-na jurnalistin vəkillərindən Zibeydə Sadıqova bildirib.

Jurnalistin vəkilləri şikayət veriblər ki, Ə.Muxtarlının qanuni maraq kəsb edən yaxınlarının onunla görüşməsinə maneə yaradılır. Üstəlik, həbsdəki jurnalistin yaxınları ilə maneəsiz telefonla danışmaq hüququna müdaxilə edilir.

Vəkilləri daha öncə Sabunçu Rayon Məhkəməsinə şikayət etmişdilər. Ancaq məhkəmə oktyabrın 16-da jurnalistin özünün və vəkillərinin iştirakını təmin etmədən, şikayətləri rədd etmişdi. Həmin qərarlardan apellyasiya şikayətləri verilmişdi.

Buna da bax: Əfqan Muxtarlı ev dustaqlığına buraxılmadı

Z.Sadıqova deyir ki, hakim Qail Məmmədovun sədrliyilə Əfqan Muxtarlının telefon danışıqlarına məhdudiyyət qoyulması ilə bağlı şikayətə baxılıb.

Hakim Rizvan Səfərovun sədrlik etdiyi heyət isə jurnalistin yaxınları ilə görüşünə icazə verilməməsi haqda şikayəti dəyərləndirib.

Hər iki işdə müdafiə tərəfi rayon məhkəməsinin qərarlarının ləğvini istəyib. Ancaq məhkəmə şikayətlərin hər ikisini rədd edib.

Buna da bax:​ 'Lotu Quli azadlığa buraxılırsa, İlqar Məmmədov niyə buraxılmasın?'

Z.Sadıqova hər iki iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcəyini bildirib.

Jurnalistə məhdudiyyət qoyulması ilə bağlı vəkillərinin açıqlamalarına, Penitensiar Xidmətin isə, hələlik, münasibətini almaq mümkün olmayıb.

XATIRLATMA

Gürcüstandan oturum izni alan jurnalist Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, həmçinin, sərhədə cibinə 10 min avro da qoyulub. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Daha sonra onun həbs müddəti artırılıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG