2026, 17 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:27

Azərbaycan xəbərləri

NİDA-çı gəncin cəbhə bölgəsinə aparıldığı deyilir

Gənc fəallar Ülvi Həsənli və Kənan Qasımlı
Gənc fəallar Ülvi Həsənli və Kənan Qasımlı

Bu gün, oktyabrın 27-si gənc fəal, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənlinin hərbi xidmətə aparıldığı bildirilir.

Bu haqda AzadlıqRadiosu-na hərəkatdan bildiriblər.

Hərəkatdan deyiblər ki, gənc fəalı müayinədən ötrü getdiyi xəstəxanada hərbi polis saxlayıb. Onu xəstəxanadan cəbhə bölgəsindəki hərbi hissələrdən birinə aparıldığı iddia olunur

Hərəkatdan əlavə ediblər ki, Ü.Həsənlinin hərbi xidmətdən möhlət hüququ olub.

Buna da bax: Vəkili: ‘Bayram Məmmədovun böyrəklərində iltihab yaranıb’

Verilən məlumata görə, revmatizm və böyrək ağrılarından əziyyət çəkən Ülvi Həsənli sonuncu dəfə bu ilin əvvəlində tibbi müayinədən keçib. Ona 2019-cu ilədək möhlət hüququ verildiyi bildirilir.

Ancaq oktyabrın əvvəlində onu yenidən hərbi komissarlığa dəvət ediblər.

“Hərbi Komissarlıqda təkrar müayinə zamanı onun böyrəyində daş və iltihab olduğu təsdiqlənsə də, Ülvi Həsənliyə əlavə müayinələr təyin olunub“, – deyə hərəkatın açıqlamasında qeyd edilir.

Verilən məlumata görə, dünən, oktyabrın 25-i keçirilən əlavə müayinələr zamanı isə böyrəyinin sağlam olduğu bildirilib:

“Onu bu gün, oktyabrın 26-sı növbəti müayinə zamanı xəstəxanada hərbi polis saxlayıb. Hərbi komissarlığa aparılan gənc fəal, ardınca cəbhə bölgəsindəki hərbi hissələrdən birinə göndərilib”.

Hərəkatdan həmçinin bildiriblər ki, Ü.Həsənli sağlıq durumu imkan verdiyi halda, hərbi xidmətə hazır olub.

NİDA Vətəndaş Hərəkatı baş verənləri gəncin sırf siyasi düşüncələri ilə bağlı olduğunu bildirir.

Əlaqəli rəsmi qurumlar Ü.Həsənlinin hərbi xidmətə aparılması iddiası ilə bağlı suallara cavab verməyiblər.

NİDA Hərəkatı ictimai-siyasi fəal gənclərin birliyidir.

Təşkilatın manifestində bildirilir ki, məqsədləri hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsidir.

Təşkilatın bir neçə üzvü hazırda həbsdədir.

Bütün xəbərləri izləyin

Uşağa qulluq müavinətinin verilməsi qaydaları dəyişir – 6 ay staj tələbi

Müavinət 2.7 dəfə artırılır, uşaqpulu isə yoxdur

No media source currently available

Azərbaycanda uşağa qulluğa görə sosial müavinət almaq istəyənlər üçün ən azı 6 aylıq sosial sığorta stajı tələbinin qoyulması təklif edilir.

Bu yenilik Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında müzakirə olunan bir sıra məcəllə və qanunlara dəyişiklik layihəsində nəzərdə tutulub.

Bildirilir ki, yeni şərtin tətbiqində əsas məqsəd qısamüddətli və formal əmək müqavilələri bağlamaqla dövlət hesabına müavinət alınması hallarının qarşısını almaqdır.

Hazırkı qaydalara əsasən, bu müavinətin təyin olunması üçün minimum sosial sığorta stajı tələb edilmir.

Uşağa qulluq müavinəti nə qədərdir?

Hazırda bu müavinətin məbləği uşağın yaşından asılı olaraq dəyişir:

  • Uşağın bir yaş yarımınadək dövrü üçün aylıq 44 manat;
  • Uşağın bir yaş yarımından üç yaşınadək dövrü üçün aylıq 28 manat.

Bu məbləğlər sonuncu dəfə 2018-ci ildə artırılıb. Amma ölkədə hazırda neçə nəfərin bu müavinəti aldığı rəsmi olaraq açıqlanmayıb.

Son illər Azərbaycanda həm pensiya yaşı artırılıb, həm də əlillik statusunun verilməsi ilə bağlı qanunvericiliyə bir sıra dəyişikliklər edilib. Vətəndaşların şikayətlərinə görə, bu dəyişikliklər əlillik statusu almaq prosesini xeyli çətinləşdirib.

Rəsmilər isə atılan addımları bu sahədəki subyektiv amillər və qanun pozuntuları ilə mübarizə kimi əsaslandırıblar.

Nəticədə ölkədə pensiyaçıların sayında azalma müşahidə olunub.

Azərbaycanda milli dirçəlişin 38-ci ili

Bakıda Lenin meydanında mitinq. 1989
Bakıda Lenin meydanında mitinq. 1989

Noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.

38 il öncə – 1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında Azərbaycana qarşı ərazi iddialarına və SSRİ rəhbərliyinin bu məsələdəki mövqeyinə etiraz olaraq mitinqlər başlayıb. Nümayişçilər mərkəzi hakimiyyəti bu iddiaların qarşısını almamaqda günahlandırırdılar.

O dövrün şahidlərinin sözlərinə görə, Sovet rəhbərliyinin məsələyə şübhəli şəkildə biganə yanaşması insanları daha da hiddətləndirib və qısa vaxt ərzində yüz minlərlə vətəndaş hərəkata qoşulub.

Fasiləsiz mitinqlər dekabrın 5-dək davam edib və həmin gün sovet ordusunun müdaxiləsi ilə zorakılıqla dağıdılıb.

1992-ci ildə noyabrın 17-si bayramlar sırasına daxil edilib və qeyri-iş günü elan olunub.

Bundan bir il əvvəl – 1991-ci ildə isə Azərbaycanda Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdi.

Milli Dirçəliş Günü bu gün də dövlət səviyyəsində keçirilsə də, 2006-cı ilin dekabrında qanunvericiliyə edilən dəyişikliklərdən sonra artıq qeyri-iş günü deyil.

'Bilmədim özümü otaqdan bayıra necə atdım' - 17 noyabr xatirələrdə

No media source currently available

Yaxınları həbsdəki jurnalistin səhhətindən narahatdır

Şəmşad Ağa
Şəmşad Ağa

arqument.az saytının baş redaktoru, "MeydanTV işi" üzrə həbsdə olan Şəmşad Ağanın səhhətinin ağırlaşdığı bildirilir.

Bu barədə MeydanTV-yə jurnalistin yaxınları məlumat veriblər.

Onların sözlərinə görə, Ş.Ağanın öd kisəsində 9-10 millimetr ölçüsündə daş aşkarlanıb və o, tez-tez kəskin ağrı tutmalarından əziyyət çəkir.

Yaxınları deyir ki, həkim müayinəsindən keçən Ş.Ağanın öd kisəsindəki daşın cərrahi yolla çıxarılması zəruri sayılır. Onlar Penitensiar Xidmətin müalicə müəssisəsində bu əməliyyatın yalnız ailənin vəsaiti hesabına aparıla biləcəyinin deyildiyini vurğulayırlar.

Ailəsi Ş.Ağanın sağlamlıq vəziyyətindən ciddi narahatdır və əməliyyatın gecikdirilməməsini istəyir.

Hələlik bu açıqlamalara cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ş.Ağa səhhətində yaranan problemlərlə əlaqədar oktyabrın 13-də Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb.

Son vaxtlar həbsdə olan bir çox jurnalist və fəalın yaxınları onların səhhəti ilə bağlı həyəcanlı açıqlamalar yayırlar. Onlar doğmalarının həbs yerlərində lazımi və yetərli müayinə-müalicədən məhrum qaldıqlarını iddia edirlər. Rəsmilər isə bu cür şikayətləri bir o qədər də əsaslı saymır.

MeydanTV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş də dörd gün əvvəl böyrəyindən əməliyyat olunub.

Xatırlatma

MeydanTV-nin baş redaktoru Aynur Elgünəş, əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova, Xəyalə Ağayeva və Ramin Cəbrayılzadə 2024-cü il dekabrın 6-dan həbsdədir. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da saxlanılıb.

Bu cinayət işi üzrə 2025-ci ilin fevralında daha üç jurnalist – Şəmşad Ağa, Nurlan Qəhrəmanlı və Fatimə Mövlamlı həbs edilib.

Mayda jurnalist Ülviyyə Quliyeva, avqustda isə fotojurnalist Əhməd Muxtarov da MeydanTV ilə bağlı cinayət işi üzrə istintaqa cəlb olunaraq həbsə alınıb.

Onlara qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və digər ittihamlar irəli sürülüb.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların arasında "AbzasMedia" və ToplumTV-nin də çoxsaylı əməkdaşı var.

"AbzasMedia işi" üzrə təqsirləndirilən yeddi jurnalistə 7 il 6 aydan 9 ilədək həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır və o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

"ToplumTV işi" üzrə məhkəmə prosesi iyulun sonunda yekunlaşıb və doqquz nəfərə ümumilikdə 121 il (12 ildən 15 ilədək) həbs cəzası kəsilib.

Jurnalistlər bu ittihamların heç birini qəbul etmirlər.

Ağstafada sursat partlayıb, bir nəfər ölüb,biri də yaralanıb

Partlayış
Partlayış

Noyabrın 15-də Ağstafa rayonunun Çeyrançöl ərazisində sursat partlayışı olub.

Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıblar.

Məlumatda iddia edilir ki, Qazax rayonunun iki sakininin ( adları açıqlanan şəxslərin Dəmirçilər və Daşsalahlı kəndlərinin sakinləri olduğu qeyd edilir) partlamamış hərbi sursata müdaxiləsi nəticəsində partlayış baş verib.

Hadisə nəticəsində onlardan birinin həlak olduğu, digərinin isə xəsarət aldığı vurğulanır.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.

Hələlik, rəsmi açıqlamaya həlak olan və xəsrət alan şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycanda buna qədər bir neçə oxşar hadisə baş verib. Onlardan

sonuncusu bu il sentyabrın 1-dən 2-nə keçən gecə Goranboy rayonunda baş vermişdi.Rəsmi açıqlamada vurğulanırdı ki, rayonda sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib.Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumatda qeyd edirdilər ki, hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı insanlar təxliyə edilib.

"Xəsarət alan olmayıb", - rəsmi məlumatda əlavə edilirdi.
Amma onda hadisənin dəqiq baş vermə səbəbi açıqlanmamışdı.
Lakin 3 il əvvəl Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" Məhdud Məsuliyyətli cəmiyyətində (MMC) baş verən partlayışda ölüm də olmuşdu.Onda da istintaqın detallı təfərruatları geniş ictimaiyyətə açıqlanmadı.

2018-ci ildə isə paytaxt Bakıda Müdafiə Sənayesi Nazirliyinin “Radioquraşdırma” zavodunda yanğınla müşahidə edilən partlayış qeydə alınmışdı.Həmin vaxt isə xoşbəxtlikdən ölən, xəsarət alan olmamışdı.

Əhalinin dərman və ərzaq xərcləri artır

Hər 100 manatın 51-i yeməyə gedir: 'Kasıblıq əlamətidir'

No media source currently available

Azərbaycan vətəndaşlarının ticarət şəbəkələrindəki həm tibbi, həm də ərzaq xərcləri artmaqda davam edir.

Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara ən azı 57 milyard 523 milyon manatlıq məhsul satılıb.

Bu məbləğin ən azı 31 milyard 58 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 26 milyard 464 milyon manatdan çoxu isə qeyri-ərzaq mallarına sərf olunub: "2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.5 faiz, qeyri-ərzaq malları üzrə isə 6.6 faiz artıb".

Ötən illə müqayisədə xərclərdə ən çox artım 21.2 faizlə əczaçılıq məhsulları və tibbi ləvazimatlar sahəsində qeydə alınıb. Azərbaycanda dərmanların qiyməti dövlət tərəfindən tənzimlənir. Lakin ekspertlərin fikrincə, ölkədə bir çox dərmanlar qonşu ölkələrlə müqayisədə daha bahadır. Üstəlik, dərmanların bahalaşması prosesi də davam edir. Müstəqil iqtisadçılar isə deyirlər ki, vətəndaşların xərclərinin yarısından çoxu yalnız ərzağa gedirsə, bu, onların böyük bir qisminin maddi vəziyyətinin ağırlığından xəbər verir.

Rəsmi açıqlamaya görə isə, Azərbaycanda son illər yoxsulluq səviyyəsi 5 faiz civarında dəyişir.

AXCP rayon şöbəsinin sədri 30 sutka həbs edilib

Elnur Yusubov
Elnur Yusubov

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Sabunçu rayon şöbəsinin sədri Elnur Yusubov 30 sutka müddətinə inzibati qaydada həbs olunub.

Bu barədə partiya onun ailəsinə istinadən məlumat yayıb.
Partiyanın bildirdiyinə görə, Elnur Yusubov noyabrın 13-də İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzindən ailəsinə zəng edərək həbs olunduğunu bildirib.

Onun sosial şəbəkə paylaşımlarına görə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilindiyi vurğulanır.

Həmin maddə internetdə yayılması qanunla qadağan edilmiş məlumatların yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur. Bu əmələ görə fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimə oluna və ya qanunda nəzərdə tutulan hallarda bir ayadək inzibati həbs edilə bilərlər.

Amma Yusubovun konkret hansı paylaşımına görə cəzalandırıldığı açıqlanmayıb.
Rəsmi qurumlardan da bu məlumata münasibət öyrənmək mümkün olmayıb.

12 noyabr

Xalq Cəbhəsinin rayon şöbəsinin sədri yoxa çıxıb, avtomobili isə yerindədir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Sabunçu rayon şöbəsinin sədri Elnur Yusubovun yerinin məlum olmadığını açıqlayıb.

Partiyadan verilən məlumata görə, o, noyabrın 12-də səhər tezdən işə getmək üçün evdən çıxıb və hazırda ona zəng çatmır.

"Ailəsindən verilən məlumata görə, o, hər gün işə şəxsi avtomobili ilə gedir. Bu gün isə işə gedib çatmayıb, avtomobili də yerində qalıb. Maraqlı məqam odur ki, maşının qapısı açıq, açarı da içində olub. Ehtimala görə, uşaqlarını məktəbə aparıb-gətirən ailə üzvlərinin istifadə edə bilməsi üçün maşını açıq saxlayıb", – AXCP-dən bildirilib.

Partiya onun saxlanıldığını güman edir.

Hələlik bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və digər rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Son illər AXCP-nin bir çox üzvü vaxtaşırı inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20-dən çox fəalı uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs olunduğunu bildirir.

Hüquq müdafiəçilərinin hazırladığı son siyahıya əsasən, Azərbaycan həbsxanalarında ümumilikdə 322 siyasi məhbus var. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı iddiaları əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əməllərə görə mühakimə ediliblər.

Azərbaycan və Böyük Britaniya strateji tərəfdaş oldu

Böyük Britaniya və Azərbaycan bayraqları
Böyük Britaniya və Azərbaycan bayraqları

Noyabrın 12-də Dublində Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Sənədə Azərbaycan prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Endi Börnhem imza atıblar.

Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısında iştirak etmək üçün İrlandiyada səfərdədir.

Bəyannamədə tərəflər ilk növbədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq niyyətlərini ifadə edirlər. Onlar həmçinin ticarət və investisiya əlaqələrini genişləndirmək, eləcə də davamlı, inklüziv və şaxələndirilmiş iqtisadi artımı təşviq etmək kimi ortaq hədəflərini təsdiqləyirlər.

İki ölkə arasında bundan əvvəl 1994-cü il fevralın 23-də Dostluq və Əməkdaşlıq haqqında, 1998-ci il iyulun 21-də isə Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında birgə bəyannamələr imzalanıb.

Azərbaycan indiyədək dünyanın bir çox digər ölkələri ilə də oxşar strateji sənədlərə imza atıb.

Əliyevlərin Londonda üç imarəti

No media source currently available

Azərbaycan Konstitusiyası 31 yaşına çatdı

Dəyişən Konstitusiya İlham Əliyevi necə superprezidentə çevirdi...

No media source currently available

Azərbaycanın müxtəlif vaxtlarda çoxsaylı dəyişiklik və əlavələr edilən Konstitusiyasının qəbul olunmasından 31 il keçir.

Mövcud Azərbaycan Konstitusiyası 31 il əvvəl, 1995-ci il noyabrın 12-də qəbul edilib.

Müstəqil Azərbaycanın bu ilk Konstitusiyası beş bölmə, 12 fəsil və 158 maddədən ibarət olub.

1995-ci ildən Konstitusiyaya üç dəfə — 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

2002-ci il...

2002-ci il dəyişikliklərindən sonra ölkədə proporsional seçki sistemi ləğv edilib, baş nazir isə Milli Məclis sədrindən önə çıxaraq ölkədə ikinci şəxs statusu alıb. (Proporsional seçki sistemi səslərin ayrı-ayrı namizədlərə deyil, partiyalara verilməsini nəzərdə tutur. 2002-ci ilə qədər Azərbaycan parlamentində yerlərin beşdə biri, yəni 25 deputat bu sistemlə seçilirdi).

2009-cu il...

2009-cu ildə bir şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsinə qoyulan qadağa aradan qaldırılıb. Bundan sonra prezident İlham Əliyev üçüncü, dördüncü və beşinci dəfə bu vəzifəyə seçilib.

2016-cı il...

Nəhayət, 2016-cı il referendumunda prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırılıb. Ölkədə vitse-prezidentlik institutu təsis edilib. Bundan bir il sonra — 2017-ci ildə ölkəyə 2003-cü ildən rəhbərlik edən İ.Əliyev xanımı Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin edib.

Ümumilikdə hər üç referendumda ölkənin Əsas Qanununa çoxsaylı dəyişiklik və əlavələr edilib.

2009-cu ilə kimi Konstitusiya Günü qeyri-iş günü olsa da, həmin vaxtdan etibarən artıq iş günüdür.

Azərbaycan sənayesi kiçilib

Cənubi Qafqazda ÜDM ən az Azərbaycanda artır: Qonşuları niyə Bakını qabaqlaya bilir?

No media source currently available

Dövlət Statistika Komitəsinin (DSK) noyabrın 11-də açıqladığı məlumata görə, 2026-cı ilin yanvar-oktyabr aylarında sənaye sektorunda 58 milyard 539.6 milyon manat dəyərində məhsul istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz azdır.

Amma sənayedən fərqli olaraq, ümumi daxili məhsulda (ÜDM) qismən də olsa, artım müşahidə olunur. DSK bildirir ki, hesabat dövründə 115 milyard 930 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.7 faiz çoxdur.

Həm rəsmi qurumlar, həm də müstəqil iqtisadçılar ölkə sənayesindəki geriləməni əsasən neft-qaz sektorunda hasilatın aşağı düşməsi ilə əlaqələndirirlər. Məsələn, ötən il ölkədə 28 milyon tona yaxın neft çıxarılıb, halbuki 2009-cu ildə bu göstərici 50 milyon ton təşkil edirdi. Əvəzində bu il qazılan quyuların sayı artırılıb; hökumət neft hasilatındakı azalmanın qarşısını almaq istəyir.

Digər tərəfdən, bu il Yaxın Şərqdə sabitliyin pozulması və Hörmüz boğazında yaranan problemlər səbəbindən neft kəskin bahalaşıb, hətta Azərbaycan neftinin qiyməti 70 faiz civarında artıb. Müstəqil iqtisadçılar hesab edirlər ki, neftin kəskin bahalaşmasına baxmayaraq, sənayedəki geriləmə və DSK-nın açıqladığı 1.7 faizlik cüzi ÜDM artımı iqtisadiyyatda böhran təhlükəsinin yaxınlaşmasından xəbər verir.

17 sentyabr

Hökumət gələn il iqtisadiyyatın 2.7 faiz böyüyəcəyini desə də, ekspertlər buna şübhə edirlər

Azərbaycan hökuməti 2027-ci ildə ölkədə 141 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunacağını proqnozlaşdırır.

Bu barədə Maliyyə Nazirliyinin gələn il üzrə makroiqtisadi göstəricilərində qeyd olunub

Gələn il ölkə iqtisadiyyatının 2.7 faiz böyüyəcəyi gözlənilir.

Proqnoza əsasən, qeyri-neft-qaz sektorunda 4.4 faiz artım, neft-qaz sektorunda isə 1.8 faiz azalma nəzərdə tutulur.

Amma müstəqil iqtisadçılar belə bir artımın olacağına indidən şübhə ilə yanaşırlar. Onlar xatırladırlar ki, hökumət 2026-cı ildə iqtisadi artımın 3.5 faiz olacağını proqnozlaşdırsa, səkkiz ayın yekunlarına görə, bu göstərici cəmi 1.2 faiz təşkil edib.

Yaxın Şərqdəki münaqişələr fonunda bu il neft kəskin bahalaşıb. Ekspertlər vurğulayırlar ki, əsas ixracı neft və qazdan ibarət olan Azərbaycanda enerjidaşıyıcıların qiymətindəki ciddi artımdan sonra belə proqnozlar özünü doğrultmursa, bu, ölkə iqtisadiyyatında böhranın başlanğıcı kimi qiymətləndirilməlidir. Amma rəsmilər belə dəyərləndirmələri qəbul etmirlər.

Nisyə mal satanlara yeni tələb qoyulur

Dükan sahibi :'Nisyə dəftəri dolur, cavan-cavan oğlanlar xəcalətlənir'

No media source currently available

Nisyə mal satışı ilə məşğul olan şirkətlərə və fərdi sahibkarlara verilən kreditlər üzrə əlavə qiymətləndirmə meyarı müəyyən edilib. Mərkəzi Bankın sədri Taleh Kazımov bununla bağlı sentyabrın 15-də qərar imzalayıb. Qərarın bugünlərdə qüvvəyə minəcəyi gözlənilir.

Yeni qaydaya əsasən, həmin sahibkarlar nisyə satış portfelinin ümumi həcmi və alıcıların sayı barədə banka məlumat verməlidirlər. Bank isə bu rəqəmləri kredit bürolarına ötürülən müvafiq göstəricilərlə tutuşduracaq. Əgər göstəricilərdən hər hansı biri üzrə uyğunluq 90 faizdən aşağı olarsa, həmin kredit "qeyri-qənaətbəxş aktivlər" kateqoriyasına daxil ediləcək.

Davranış modeli (təxmini gəlir hesablama üsulu) ilə verilən kreditlər elə ilk gündən bank tərəfindən xüsusi nəzarətə götürüləcək.

Eyni zamanda, bankların borcalanın gəlirlərini hesablaması qaydası da sərtləşdirilib. Yeni tələbə görə, borcalanın gəlirlərini sənədlərlə və ya dövlət sistemlərindən öyrənmək mümkündürsə, bank ona davranış modeli ilə "təxmini gəlir" yaza bilməyəcək.

Bundan başqa, Mərkəzi Bank rəhbərliyinin digər bir qərarı ilə "Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda"ya da dəyişiklik olunur. Yeniliyə görə, istehlak kreditlərinə zamin duran şəxsin borc yükünün gəlirinə nisbəti 70 faizi keçməməlidir. Bu tələb müvafiq müddəa qüvvəyə mindikdən sonra rəsmiləşdirilən kreditlərə aid ediləcək. Məsələn, zaminin aylıq gəliri 1000 manatdırsa, onun mövcud borcları üzrə aylıq ödənişi 700 manatdan çox ola bilməz.

Xatırlatma

Mərkəzi Bankın son hesabatına əsasən, bu il oktyabrın 1-nə ölkə banklarında vaxtı keçmiş kreditlərin həcmi 754.3 milyon manata yüksəlib. Ötən ilin dekabrı, bu ilin iyun və avqust ayları istisna olmaqla, son bir ildə problemli kreditlərdə davamlı artım qeydə alınıb. Nəticədə, gecikmədə olan kreditlər ilin əvvəli ilə müqayisədə 35 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 42 faizdən çox artıb.

Ümumi portfeldə istehlak kreditlərinin payının artması da diqqət çəkir. İqtisadçılar bu tendensiyanı ölkə iqtisadiyyatı üçün müsbət hal hesab etmirlər. Rəsmi qurumlar problemli kreditlərdəki artımla bağlı hələlik açıqlama verməsələr də, müstəqil ekspertlər bunu birbaşa əhalinin maddi durumunun və alıcılıq qabiliyyətinin zəifləməsi ilə izah edirlər.

SOCAR Çinin neft şirkəti ilə strateji əməkdaşlığa başlayır

Anlaşma Memorandumunu vitse-prezidentlər Fuad Musayev və Li Yüsin imzalayıblar.
Anlaşma Memorandumunu vitse-prezidentlər Fuad Musayev və Li Yüsin imzalayıblar.

Çinin Şanxay şəhərində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "China Petroleum&Chemical Corporation" (Sinopec Corp.) arasında Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

SOCAR-ın noyabrın 9-da yaydığı məlumata görə, sənədə qurumun vitse-prezidenti Fuad Musayev və "Sinopec Corp." şirkətinin vitse-prezidenti Li Yüsin imza atıblar. Memorandum şirkətlər arasında satınalma və təchizat zəncirinin idarə olunması sahələrində əməkdaşlığın genişləndirilməsini hədəfləyir.

Ümumiyyətlə, son illər Azərbaycanla Çin arasında həm iqtisadi, həm də siyasi müstəvidə nəzərəçarpacaq yaxınlaşma müşahidə olunur. Məsələn, bu ilin əvvəlində SOCAR, Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu birgə "Galaxy Orientis" Çin–ASEAN İnvestisiya Platformasını (CAIP) təsis ediblər.

Xatırlatma

İki ölkə arasındakı tərəfdaşlıq rəsmi sənədlərlə də möhkəmləndirilib: 2024-cü il iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub, ötən il isə ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında saziş qüvvəyə minib.

Hazırda Çin Azərbaycanın idxalında birinci yeri tutur. Eyni zamanda, rəsmi Bakı Pekinin əsas rol oynadığı bir sıra beynəlxalq qurumlarla da əlaqələrini gücləndirib.

Müxalifət düşərgəsi isə fərqli mövqedədir: onlar Çin və Rusiya kimi ölkələrlə əlaqələri dərinləşdirməkdənsə, Qərbə inteqrasiya prosesini sürətləndirməyi vacib sayırlar. Müxalifətin fikrincə, Çinlə yaxınlaşma ABŞ ilə güclənməkdə olan əməkdaşlığa da xələl gətirə bilər.


Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərini deyir

Elektrik sayğacı
Elektrik sayğacı

Azərbaycanda bəzi abonentlər elektrik enerjisi ödənişlərində zərərə düşəcəklərindən şikayətlənirlər.

Ölkədə əhali abonentləri üçün pilləli tariflər tətbiq olunur:

  • 0 – 200 kVt·saat: 1 kVt·saat üçün 8.4 qəpik
  • 200 – 300 kVt·saat: 1 kVt·saat üçün 10 qəpik
  • 300 kVt·saatdan artıq: 1 kVt·saat üçün 15 qəpik

Abonentlər deyirlər ki, bu limitlər hər ayın 1-də yenilənməlidir. "Lakin ayın ilk günlərində sıfırlanma olmasa, biz işığın pulunu ən yüksək tariflə, yəni 15 qəpikdən ödəməli olacağıq. Məsələn, artıq noyabrın 9-dur, amma bizim sayğac hələ də sıfırlanmayıb", – Abşeron sakinlərindən biri söyləyib.

Şikayətçilərin sözlərinə görə, "Azərişıq" ASC əməkdaşlarının bu problemi bilərəkdən, yoxsa bilməyərəkdən yaratdıqları onlara aydın deyil. "Fakt ondadır ki, bundan biz ziyan çəkə bilərik", – adının çəkilməsini istəməyən başqa bir sakin bildirib.

Şikayətlərə, hələlik, "Azərişıq" ASC-dən münasibət öyrənmək mümkün olmayıb.

Ekspertlər isə hesab edirlər ki, bu problem ancaq mexaniki sayğaclarda yarana bilər.

Onlar vurğulayırlar ki, "Smart" (kartlı) sayğaclarda hər ayın 1-də mərkəzi sistem limiti avtomatik yeniləyir. Karta pul yükləyib sayğaca daxil etdikdə yeni ayın güzəştli tarifi işə düşür.

Mexaniki və elektron (kodlu) sayğaclarda isə "Azərişıq" ASC əməkdaşları aylıq oxunma aparıb faktura çıxardıqdan sonra növbəti ayın limiti aktivləşir.

Bayraq günüdür

Bu bayrağı Rəsulzadə özü tikib

No media source currently available

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.

2009-cu il noyabrın 17-də prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Üzərində aypara və səkkizguşəli ulduz təsvir olunan bu üçrəngli (göy, qırmızı, yaşıl) dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci il aprelin 28-nə kimi (Cümhuriyyətin süqutuna qədər) dövlət rəmzi statusuna malik olub. Azərbaycan keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) tərkibində olduğu dövrdə isə respublikanın ayrı bayrağı olub.

1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini bərpa edib. Həmin il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunub.

Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, Dövlət Bayrağı Günü qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

2007-ci ildən etibarən Müstəqillik Günü (18 oktyabr) və Konstitusiya Günü (12 noyabr) isə iş günü elan olunub.

Beş il əvvəl Milli Məclis Müstəqillik Gününün adını dəyişərək Müstəqilliyin Bərpası Günü edib.

Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv edilib

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi

Naxçıvan Muxtar Respublikasının (MR) Bakı şəhərindəki Daimi Nümayəndəliyi ləğv olunub. Bu barədə muxtar respublika Ali Məclisinin rəsmi orqanı olan "Şərq qapısı" qəzetinin saytı məlumat yayıb. Məlumata görə, bununla bağlı müvafiq qərar imzalansa da, detallar açıqlanmır.

Qərara əsasən, Naxçıvan MR İqtisadiyyat Nazirliyi daimi nümayəndəliyin ləğv edilməsi ilə əlaqədar mülki qanunvericilikdə nəzərdə tutulmuş məsələlərin həlli məqsədilə ləğvetmə komissiyası yaratmalıdır. Qərar noyabrın 5-də imzalanıb və elə imzalandığı gündən də qüvvəyə minib.

Bu ərəfədə Naxçıvan MR Konstitusiyasına edilən bir sıra dəyişikliklərlə mərkəzi hakimiyyətin (Bakının) muxtar respublika üzərindəki nəzarəti və idarəçiliyi əhəmiyyətli dərəcədə gücləndirilib. Həmin konstitusiya dəyişiklikləri regional idarəetmənin birbaşa mərkəzə bağlanmasını təmin edib.

Bakı şəhərindəki bu Daimi Nümayəndəlik 1992-ci il fevralın 24-də MR Ali Məclisinin qərarı ilə yaradılmışdı. Nümayəndəlik Naxçıvan MR Ali Məclisi və digər dövlət təsisatları ilə Bakı arasında gündəlik, hərtərəfli və operativ əlaqələrin qurulmasında mühüm rol oynamalı idi.

Xatırlatma

1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinə sədrlik edən Vasif Talıbov dörd il öncə - 2022-ci ildə istefaya göndərilib. Bu hadisə muxtar respublikada ciddi dəyişikliklərə yol açıb. Həmin il dekabrın 22-də prezident İlham Əliyev Naxçıvana özünün səlahiyyətli nümayəndəsini təyin edib. Daha sonra muxtar respublikanın bir çox vəzifəli şəxsi mənimsəmə və digər ittihamlarla istintaqa cəlb olunub.

Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası 1924-cü ildə yaradılıb. Onun Azərbaycanın digər əraziləri ilə quru sərhədi yoxdur. Naxçıvan Türkiyə, Ermənistan və İranla həmsərhəddir.

Kənd təsərrüfatında 100 faizlik vergi güzəşti ləğv olunur

'Oliqarx-məmurlar kəndlinin torpağını ələ keçirmək istəyir' - Yeni islahat

No media source currently available

Yeni layihəyə əsasən, aqrar sektorda uzun illərdir qüvvədə olan 100 faizlik tam vergi azadolması ləğv olunur və onu 2027-ci il yanvarın 1-dən 5 il müddətinə 90 faizlik güzəşt mexanizmi əvəz edir.

Noyabrın 6-da Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edib.

AZƏRTAC-ın məlumatına görə, o, Vergi Məcəlləsindəki dəyişikliklərlə bağlı bildirib ki, istehsalçıların qazandığı gəlir və ya mənfəətin cəmi 10 faizi ümumi qaydada vergiyə cəlb ediləcək: "Bundan başqa, sadələşdirilmiş vergi üzrə tam vergi azadolması müəyyən edilmiş şərtlər daxilində daha 5 il müddətinə saxlanılacaq. Kənd təsərrüfatı güzəştlərindən istifadə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) uçota alınma və əməliyyatların vergi hesabatlarında bəyan edilməsi ilə şərtləndiriləcək".

Son illər Azərbaycanda dövlət büdcəsinin vergi daxilolmaları durmadan artır. Layihə ilə bağlı Maliyyə Nazirliyinin ilkin açıqlamasında vurğulanırdı ki, 2027-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 47 faizini və ya 18 milyard 430 milyon manat təşkil edəcək: "Bu da cari ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 520 milyon manat (9 faiz), 2025-ci ilin icra göstəricisindən isə 2 milyard 74.8 milyon manat (12.7 faiz) çoxdur. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 80.6 faizi (14 milyard 850 milyon manat) qeyri-neft-qaz sektorunun, 19.4 faizi (3 milyard 580 milyon manat) isə neft-qaz sektorunun payına düşür".

Məsələ burasındadır ki, bu ildən Azərbaycanda özəl sektorda 7 illik güzəşt müddəti başa çatıb və bu sahədə çalışanların əmək haqları yenidən gəlir vergisinə cəlb olunub. Üstəlik, bu vergi dərəcəsi 2027–2028-ci illərdə mərhələli şəkildə artacaq.

Eləcə də, bəzi istiqamətlər üzrə vergi güzəştləri müəyyən səviyyədə ya ləğv edilir, ya da tamamilə yeni formada tətbiq olunur.

Müstəqil iqtisadçılar isə bu addımı düzgün hesab etmirlər. Onlar bildirirlər ki, bu il neft kəskin bahalaşsa da, ümumi daxili məhsul (ÜDM) cəmi 1.5 faiz artıb. İqtisadçıların fikrincə, bu, real iqtisadi inkişaf demək deyil və əgər vergi siyasəti sərtləşdirilməkdə davam edərsə, bunun biznesə mənfi təsirləri qaçılmaz olacaq.

Davamı

XS
SM
MD
LG