Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:42

Vəkili: ‘Bayram Məmmədovun böyrəklərində iltihab yaranıb’


Bayram Məmmədov

Bayram Məmmədovun səhhətində ciddi problemlər var. Böyrəyində ağrıları var”.

Bunu AzadlıqRadiosu-na gənc fəalın vəkillərindən Elçin Sadıqov deyib. Vəkil bu gün, oktyabrın 21-də 13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan gənc fəalla görüşüb.

Vəkilin sözlərinə görə. B.Məmmədovun hər iki böyrəyində iltihab yaranıb.

Buna da bax:​ Ana: 'Deyirlər, Bayramı döyüblər. Döymək nədir? Vandalizmdir bu...'

“Ona bir sıra dərmanlar yazılıb. Çalışır ki, müalicə alsın”, - deyən vəkil B.Məmmədovun müəssisədə üzləşdiyi problemlərin davam etdiyini ifadə edib.

“Cəzaçəkmə müəssisəsi rəhbərliyi söz verib ki, B.Məmmədovun problemləri həll olunacaq”.

Vəkil gənc fəalın psixoloji baxımdan möhkəm olduğunu da ifadə edib.

B.Məmmədov bu günlərdə cərimə kamerasına (“kars”) salınmışdı. Həmin cəza bitdikdən sonra onunla görüşən başqa vəkil Əsabəli Mustafayev onun tezliklə yenidən “kars”a qaytarıla biləcəyini demişdi.

Buna da bax: E.Sabiroğlu: 'Oğlumu sındırmaq istəsələr də...'

“Keçən həftə müəssisə rəhbərliyi B.Məmmədova bildirib ki, o, yerini özbaşına dəyişib, bu səbəbdən təzədən əvvəlki yatağına qayıtmalıdır. Yatağının əvvəlki yeri isə yelçəkənin qarşısıdır. Qarşıdan soyuq havalar gəlir və belə əmr yalnız Bayram Məmmədovun həyatını təhlükəyə məruz qoymaq məqsədi daşıya bilərdi. B. Məmmədov hesab edir ki, özbaşına yerdəyişmə ittihamı sadəcə, bəhanədir. Əsas məqsəd onu intizamsız dustaq qismində rəsmiləşdirməklə gələcəkdə saxlanma rejimini sərtləşdirmək, qapalı həbsxanaya göndərməkdir”, – vəkil həmin vaxt demişdi.

Üstəlik, vəkil bildirirdi ki, gənc fəal cərimə kamerasında nazik paltarda saxlanıb.

Buna da bax: Siyasilərin 'psixuşka'ya salınması halları arta bilərmi?

Həmin vaxt Penitensiar Xidmətdən isə bildirmişdilər ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrində məhbuslara ayrıseçkilik yaradılmır. Bütün məhbuslarla qanun çərçivəsində davranılır.

Vəkilin son açıqlamasına isə, hələlik, Penitensiar Xidmətdən hər hansı münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə ötən il mayın 10-da saxlanıb. Rəsmi qurumlar onları narkotikdə ittiham edir. Özləri isə keçmiş prezident Heydər Əliyevin heykəlinə etiraz şüarı yazdıqlarına görə, saxlandıqlarını bildirirlər. Onlar 10 il azadlıqdan məhrum ediliblər.

Hər 2 gənc hüquq müdafiəçilərinin siyasi məhbuslarla bağlı hazırladıqları siyahıda yer alırlar.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG