Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:08

Ölkə ərazisindən girişinə avqustun 19-dan qeyri-rəsmi blok qoyulduğu bildirilən infoaz.org xəbər saytı məhkəməyə müraciət edib.

Bu haqda AzadlıqRadiosuna resursun rəhbəri Namiq Cəfərli məlumat verib.

N.Cəfərli hesab edir ki, infoaz.org saytına girişi məhdudlaşdırılıb və bu məsələdə Azərbaycan hakimiyyətinin yüksəkvəzifəli məmurlarının rolu var. Onun bildirdiyinə görə, sayt blok edildikdən bəri keçən aylar ərzində əlaqəli bütün qurumlara müraciət olunub. Ancaq blok aradan qaldırılmayıb.

N.Cəfərlinin deməsinə görə, əlaqəli qurumlar resursun blok edilməsinin səbəbləri barədə belə onlara bilgi verməyib. Resurs rəhbəri sonunda məhkəməyə müraciət etmək zorunda qalıb.

N.Cəfərli deyir ki, əlaqəli əsas qurum olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı məhkəmədə iddia qaldırılıb. infoaz.org xəbər saytının vəkilləri 1 Saylı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Müraciət artıq icraata da qəbul edilib. İşə adıçəkilən məhkəmənin hakimi Müseyib Bayramov dekabrın 8-də baxmalıdır.

Məhkəmədən infoaz.org xəbər saytına ölkə daxilində blokun qaldırılması, ifadə azadlığı hüququnun pozuntusunun tanınması istənilir.

infoaz.org xəbər saytıdır. Resursa ölkə ərazisindən girişin avqustun 19-dan blok qoyulduğu bildirilir. Saytın rəhbəri Namiq Cəfərli elə həmin gün Baş Prokurorluğa da dəvət edilmişdi.

«Baş Prokurorluğa dəvət olunmağım prezidentin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov barədə yazdığım müəllif yazısı ilə bağlı idi», - Baş Prokurorluqdan çıxdıqdan sonra N.Cəfərli belə demişdi.

«Əli Həsənov Prezident Administrasiyası uğrunda gedən savaşdan qalib çıxa biləcəkmi?» sərlövhəli yazıda iddia edilirdi ki, hakimiyyət daxilində bəzi qüvvələrin bir-biri ilə kəskin mübarizəsi gedir.

Ardınca N.Cəfərli avqustun 21-də Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) də çağırılmışdı. O, DTX-dən çıxdıqdan sonra demişdi ki, onu yazılarına görə sorğu-sual ediblər.

«Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılmağım rəhbəri olduğum saytda yayılmış bəzi yazılarla bağlı idi. Həmin yazılara müəyyən iradlarını bildirdilər», – deyən jurnalist bu yazılar barədə detallı danışmamışdı.

Sayt redaktorunun bu açıqlamasına hələlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Saytların bloklanması Azərbaycanda bu ilin əvvəlindən geniş vüsət almağa başlayıb. Qanunvericiliyə müəyyən dəyişiklik edildikdən sonra, mart ayından ölkədə bir neçə müstəqil və müxalif sayta giriş əngəllənib. Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxıb ki, Baş Prokurorluğun müraciəti ilə belə bir addım atılıb.

Mayın 12-də isə Səbail Rayon Məhkəməsinin qərarıyla həmin saytların bloklanması məhkəmə müstəvisində həllini tapıb. Söhbət AzadlıqRadiosunun, «Azadlıq» qəzetinin, MeydanTV-nin, TuranTV-nin və «Azərbaycan saatı» televiziya proqramının saytlarından gedir. Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirliyin iddia tələbi qismən təmin olunub. İddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması istənilirdi.

Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına, onun təhlükəsizliyinə ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Üstəlik, bu ilin iyununda jurnalist Anar Məmmədov da rəhbərlik etdiyi criminal.az saytının bloklanmasından şikayət etmişdi. O, bloklanmanı bir əsgər ölümü ilə bağlı hazırladığı foto və videoyazılarla əlaqələndirmişdi.

Son aylarda bir neçə başqa internet resursuna da ölkə daxilindən girişin məhdudlaşdırıldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG