Regionlarda sənaye parklarının yaradılması, bahalaşma və bank sistemində konsolidasiya bu gün (26 oktyabr 2017) medianın aparıcı mövzularındandır...
BİTKİ YAĞLARI DA BAHALAŞIB
«Novoye Vremya» qəzetində «Bizi yenə bahalaşma gözləyir» sərlövhəli yazı oxumaq olar.
Yazıda indi ortagəlirli ölkə vətəndaşının ərzaq almağa getməsi «stressə dayanıqlı imtahan» adlandırılır. Müəllif vurğulayır ki, hər gün yeni qiymətlərlə qarşılaşmaq mümkündür:
«Bütün ərzaq məhsullarının sürətlə bahalaşması müşahidə edilir. Əvvəllər bazarda bəzi satış yerlərində növbə olardı, indi isə yaxın gedən yoxdur. Bazarlar boşdur...».
Yazıda bildirilir ki, cəmi bir həftə əvvəl 5.60 qəpik olan günəbaxan yağı indi 7.40 qəpiyə satılır.
Müəllif vurğulayır ki, yumurta və süd məhsullarının qiymətində də artım müşahidə edilir:
«İri və xırdabuynuzlu mal-qaranın otladığı örüşlərə indi texniki bitkilər əkiblər. İndi ölkənin bəzi regionlarında sadəcə otlaq yerləri qalmayıb. Bu hadisələr fonunda mal-qara üçün yem də bahalaşıb. Təbii ki, yaxın vaxtlarda ən azı daha 15 faiz qiymət artımı gözlənir».
Müəllif ehtimal edir ki, hələ bu bahalaşma son deyil. Yazıda vurğulanır ki, qarşıda ənənəvi Yeni il bahalaşması gəlir.
Müəllif ehtimal edir ki, ətin qiyməti tədricən 20 manata doğru yaxınlaşa bilər.
Yazıda baş verənlərin səbəblərindən biri kimi, daxili istehsalın tədricən azalması göstərilir:
«Valyuta bahalaşırsa, istehsal olunan məhsulun maya dəyəri də artır. Bütün bunlar idxal malları ilə yanaşı, xaricdən gətirilən materiallardan istifadə edilməklə istehsal olunan yerli malların da maya dəyərini əhəmiyyətli dərəcədə artırır».
Müəllif hesab edir ki, burada çıxış yolu istehsalı artırmaqdır. Yazıda vurğulanır ki, amma cərimə və qiymətləri artırmaq kimi asan yola üstünlük verilir.
BANK SAHİBLƏRİNİN «SİRLƏRİ»
«Exo» qəzetində «Problemli bankların «dəmir əl» ilə bağlanması» sərlövhəli yazı diqqəti çəkir.
Yazıda ekspert Əkrəm Həsənovla bankların birləşdirilməsi məsələsi təhlil edilib.
«Bu, Azərbaycanda bank sektorunun problemlərini həll edə bilməyəcək. Ölkədəki problemli banklar ləğv olunmalıdır. Dünya bank sistemində birləşmə ancaq banklar qanunauyğun işlədikdə, dələduzluğa və vəsaitlərin talan olunmasına yol verilmədikdə baş tuta bilir», - Ə.Həsənov qəzetə deyib
Ekspert hesab edir ki, iqtisadi böhran səbəbilə problemlərlə üzləşən banklar birləşə bilər, amma Azərbaycan banklarında durum fərqlidir:
«Azərbaycanda banklar uzun illər qanunların ziddinə idarə edilib, vəsaitlərin talan edilməsi üçün dələduzluq sxemləri işə düşüb. Odur ki, banklar ağır durumdadırlar və buna görə də kredit təşkilatlarının birləşməsi baş vermir. Əgər hər iki təşkilat natəmiz işləyibsə, orada qarşılıqlı etimaddan danışmağa dəyməz».
Yazıda bildirilir ki, Azərbaycanda bank sahiblərinin hər birinin «öz sirri» var. Ona görə də birləşməkdə meylli deyillər:
«Mərkəzi Bankın son 8 ildə bankların birləşməsi ilə bağlı təbliğ etdiyi ideya reallaşan deyil. Bununla maliyyə orqanları cəmiyyətə göstərmək istəyirlər ki, məlum sektorda problemləri guya aradan qaldırmaq istəyirlər».
Ekspert hesab edir ki, Azərbaycanda yalnız eyni şəxslərə məxsus banklar birləşə bilər:
«Problemli banklar bağlanmalı və bazardan çıxarılmalıdırlar. Heç kəsi narazı salmamaq üçün kompromislər axtarır, yarımçıq qərarlar qəbul edirlər. Bu da ölkənin bank sistemində durumu get-gedə daha da pisləşdirir».
SƏNAYE MƏRKƏZLƏRİ- REGİONLAR
«Azərbaycan» qəzetində «Sənayeləşmə regionlardan başlayır» sərlövhəli yazı yer alır
Müəllif yazır ki, Azərbaycan dünyada neft ölkəsi kimi tanınır. Amma neft hazırda «qara qızıl» dövrünü yaşamır:
«Neftin qiymətinin dünya bazarında sabit olmaması, xüsusilə kəskin şəkildə dəyişməsi neft ixrac edən ölkələr kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Bu səbəbdən xüsusən son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafı siyasəti həyata keçirilir. Məqsəd ölkənin neftdən asılılığına son qoymaqdır».
Yazıda qeyd edilir ki, hazırda ölkənin qarşısında duran əsas vəzifələrdən biri qeyri-neft sektorunu inkişaf etdirməkdir və sənayeləşmə siyasəti bütün ölkəboyu həyata keçirilir.
Azərbaycanda yaradılan sənaye müəssisələrinin çoxunun Bakıda cəmləşdiyini yazan müəllif yalnız son 14 ildə bölgələrdə çoxsaylı kiçik, orta və iri müəssisələrin açıldığını vurğulayır.
Yazıda bildirilir ki, təkcə Sumqayıt Kimya Sənaye Parkı «Azertexnolayn» zavodunda 750 nəfər işlə təmin edilib və istehsal edilən məhsulun 56 ixrac olunur.
Müəllif vurğulayır ki, tikintisi aparılan Mingəçevir Sənaye Parkından da gözləntilər böyükdür.
Müəllif vurğulayır ki, bu sənaye kompleksləri əhalinin məşğulluğunun təmin edilməsinin əsas mənbələridir.