Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:15

Əhsən Nuruzadə ev dustaqlığına buraxılmayıb


Əhsən Nuruzadə

Məhkəmə «Müsəlman Birliyi» Hərəkatının həbsdəki üzvü Əhsən Nuruzadəni ev dustaqlığına buraxmaqdan imtina edib. Vəkillərinin onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə bu gün, oktyabrın 24-ü Nərimanov Rayon Məhkəməsi baxıb.

Məhkəmə qapalı keçirilib. Dindar fəalın vəkili Yalçın İmanovun deməsinə görə, prosesdə Ə.Nuruzadə özü də iştirak edib.

Vəkilinin bildirməsinə görə, o, çıxışı zamanı deyib ki, irəli sürülən ittiham saxtadır, ictimai fəallığına görə həbs edilib.

Vəkil də çıxışında Ə.Nuruzadənin həbsdə saxlanmasını düzgün saymayıb.

Ancaq hakim Rəşad Abdulovun sədrlik etdiyi məhkəmə heyəti vəsatəti rədd edib.

Vəkil Y.İmanov məhkəmədən sonra qərarı əsaslı saymadıqlarını, apellyasiya şikayəti verəcəklərini bildirib.

Həbsdəki ilahiyyatçı Taleh Bağırovun tərəfdarı olan Ə.Nuruzadə ilk dəfə yanvarın 24-də evinin yaxınlığında tutulmuşdu. Yalnız yanvarın 30-da onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanıldığı bəlli olmuşdu. Həmin gün vəkilə Ə.Nuruzadənin yeri haqda məlumat veriləndən sonra bildirilmişdi ki, o, bu idarənin qarşısından keçəndə söyüş söyüb, onu intizama dəvət edən polis əməkdaşlarının tələbinə tabe olmayıb. Ona görə də 10 sutka inzibati həbs cəzası alıb.

Eyni hal sentyabrın 19-da da təkrarlanmışdı. Həmin gün onun evdən siqaret almaq adı ilə çıxdığı və saxlanaraq aparıldığı bildirilir.

Dörd gün sonra ailəsinə zəng edərək deyilmişdi ki, Ə.Nuruzadə yenə BMCMİ-nin qarşısından keçərkən telefon danışığında bu qurumun ünvanına təhqiramiz ifadələr işlədib. Ona görə də 10 sutka inzibati həbs cəzası alıb. Dindar fəal oktyabrın 2-də həbsdən çıxmışdı.

Ə.Nuruzadə həbsdən çıxdıqdan bir neçə gün sonra yenidən saxlanıb. Ona narkotik satışı ittihamı irəli sürülüb.

Nərimanov Rayon Məhkəməsi onun barəsində istintaq dövründə 4 aylıq həbs-qətimkan tədbiri seçib. Oktyabrın 16-sı Bakı Apellyasiya Məhkəməsi həmin qərardan verilən şikayəti rədd edib.

XATIRLATMA

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov Nardaran hadisələri ilə bağlı həbs edilib.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. Bir müddət öncə əlavə iki nəfərin məhkəməsi başlanıb.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Bu yaxınlarda «Nardaran məhbusları»ndan 18-i vaxtından əvvəl azadlığa buraxılıb. Onların bəzilərinin azadlığa çıxmasına sayılı günlər qalmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG