Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:31

“Xilafət”dən qayıdanlar xofu və Azərbaycan


Suriyanın Raqqa şəhəri, 18 oktyabr, 2017-ci il

-

33 ölkədən İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qoşulmuş azı 5 min 600 nəfər öz ölkəsinə qayıdıb, ancaq həmin ölkələr hələ qayıdanların hesabını aparmayıb. Avropadan xarici döyüşçülərin ortalama 20-30 faizi evə dönüb. Britaniya, Danimarka və İsveçdən gedənlərin isə 50 faizi barədə bunu demək olar. İŞİD-də vuruşanlardan minlərlə yaraqlı Türkiyə, İordaniya və İraqla sərhəddə qalıb, öz ölkələrinə getməyə çalışırlar.

Soufan qrupu və Qlobal Strategiya Şəbəkəsi oktyabrın 24-də “Xilafətdən o yana: Əcnəbi döyüşçülər və qayıdanların təhlükəsi” adlı hesabat açıqlayıb.

BRENDİ QORUMAQ

Hesabatda onlarla hökumətin keçmiş döyüşçülərin xofuyla yaşadığı qeyd olunur. Bu ilin əvvəlində Rusiya prezidenti Vladimir Putin etiraf edib ki, Rusiya və keçmiş sovet respublikalarından Suriya və İraqa getmiş 9 mindən çox döyüşçünün 10 faizi qayıdıb. Sənəddə Cənubşərqi Asiya, Filippin, Şimali Afrika, Liviyanın daha zəif mövqedə olduğu vurğulanır. Çünki bu ölkələrə təkcə öz vətəndaşları deyil, həm də “xilafət”dən məcburən çıxarılan, ölkəsinə dönmək istəməyən əcnəbi döyüşçülər gəlir. Yüzlərlə cihadçının müsəlman ölkələrində ya yeni döyüş zonası, yaxud da sığınacaq axtardığı bildirilir.

İŞİD-in gələcəyi getdikcə daha çox öz ölkələrinə qayıdan döyüşçülərdən asılı ola bilər, hesabatda belə bir xəbərdarlıq yer alıb. “Xilafətin ərazisi kiçildikcə, rəhbərlik kənarda dəstək axtaracaq, adını saxlamağa çalışacaq”, – hesabatda bildirilir.

Cihadçıların özlərinə gəlincə, onların İŞİD-li keçmişlərinin psixoloji təsiri və gələcəklərinin qeyri-müəyyənliyi növbəti addımlarında vacib rol oynayacaq. İŞİD “onların damarlarına ənənəvi siyasətə ümidsizlik və dövlət qurumlarına inamsızlıq aşılayıb”, hesabatda deyilir.

40 MİNDƏN ÇOX ƏCNƏBİ DÖYÜŞÇÜ

2011-ci ildən bəri İŞİD-ə qoşulmağa 110 ölkədən 40 mindən çox adam gedib. Bundan başqa yerli suriyalılar və iraqlılardan da qruplaşmaya qoşulan az olmayıb. Əcnəbi döyüşçülərdən 7 min 400 nəfəri Qərbdən, onların da 5 mini Avropadan olub.

Avropada İŞİD-dən qayıdanların təhlükəsi özünü çox gözlətməyib. 2014-cü ilin mayında və 2016-cı ilin martında Brüsseldə hücumlar, 2015-ci ilin noyabrında Parisdə hücumlar müəyyən dərəcədə həmin şəxslərlə bağlanıb.

Hesabatda Suriya və İraqda terrorçulara qoşulan azərbaycanlıların sayının 900 olduğu bildirilir. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev bu ilin martında demişdi ki, həmin şəxslərin çoxu döyüşlər zamanı öldürülüb, 84 nəfər şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Sentyabrda yayılan informasiyada bildirilirdi, terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son bir ildə 151 nəfər vətəndaşlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG