Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:29

Vəkil təcridxanada cəbhəçi ilə görüşüb


Əshabəli Mustafayev

Bu gün, oktyabrın 23-ü vəkil Əshabəli Mustafayev Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında saxlanan Rəcəb Hüseynovla görüşüb. Bu haqda Ə.Mustafayev özü məlumat yayıb.

Vəkil AXCP fəalının saxlanmasından danışıb:

«Deməsinə görə, oktyabrın 15-də R.Hüseynov Biləsuvara qayınatasının evinə qonaq gedib. Oktyabrın 17-də yaşadığı Saatlının rayon polis şöbəsindən zəng edərək hansısa telefonla bağlı şöbəyə gəlməsini istəyiblər. R.Hüseynov hər hansı telefon itirmədiyini deyərək, Saatlıya qayıtmır. Oktyabrın 19-u Biləsuvar Rayon Polis Şöbəsinin 4 əməkdaşı R.Hüseynovun yaşadığı qayınatası evinə gəliblər və onu hansısa izahat yazması üçün avtomobilə oturdub aparırlar. Onu Saatlı polis əməkdaşlarına təhvil veriblər. Oradan isə onu Bakıya, birbaşa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər».

Vəkil deyir ki, R.Hüseynovun bildirməsinə görə, orada ona mitinqlərdə iştirakı, insanları aksiyaya səsləməsi irad tutulub.

Ə.Mustafayev vurğulayır ki, R.Hüseynov parkda ictimai asayişi pozmaqda günahlandırılıb və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbs cəzası alıb.

Ə.Mustafayevin deməsinə görə, gəncin inzibati cəza müddəti oktyabrın 28-də başa çatacaq.

Vəkilin bu açıqlamasına hələlik Daxili İşlər Nazirliyindən və məhkəmədən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Oktyabrın 7-si Milli Şura Bakıda «Talana yox» şüarı ilə mitinq keçirib. Mitinq zamanı AXCP sədri Əli Kərimli demişdi ki, ümumilikdə 200-ə yaxın fəal polisə çağırılıb. Onlardan bəziləri saxlanıb. Ancaq mitinqdə səslənən bu açıqlamanı da hüquq- mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmamışdı.

Sonradan AXCP məlumat yaydı ki, altı nəfər 10 gündən 30 günə kimi inzibati qaydada həbs cəzası alıb. Onların polisin qanunu tələblərini yerinə yetirməməkdə günahlandırıldığı açıqlandı. Daha sonra isə bəlli oldu ki, partiyanın Şirvan şəhərində də iki fəalı eyni ittihamla təqsirlənərək, inzibati qaydada həbs cəzası alıb.

Prezident İlham Əliyev isə bu günlər Avropa Birliyi Şurasının rəsmilərini qəbul edərkən deyib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin edilir. Dövlət başçısının fikrincə, xalq sadəcə kütləvi aksiyaları dəstəkləmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG