-
Rusiyanın müxalifət lideri Aleksei Navalny 20 sutkalıq həbsdən buraxılandan sonra Həştərxanda tərəfdarları qarşısında çıxış edib. O, prezident Vladimir Putin-ə qarşı icazəsiz aksiyanın təşkilinə görə saxlanmışdı.
Oktyabrın 22-də təxminən 300 nəfər qarşısında çıxış edən Navalny deyib: “Bizi ələ salan bu cür hakimiyyət bizə lazımdırmı? Xeyr, buna görə də mən namizədəm, Həştərxandan ötrü düzgün namizədəm”.
“NAVALNY-Nİ SEÇMƏK VAXTIDIR”
41 yaşlı Navalny 2018-ci ildə prezident seçkisində namizədliyini verəcəyini deyir. Moskvada təcridxanadan buraxılandan sonra “işləməyə hazır” olduğunu söyləyib. O, Instagram hesabında küçədə çəkilmiş fotosunu yerləşdirib, “Salam, çıxdım”, yazıb.
Elə həmin gün Navalny tərəfdarları Kremlə yaxın körpülərdən birinin üstünə “Putin-dən canımızı qurtarıb Navalny-ni seçmək vaxtıdır” yazılmış banner asıb. Xəbəri Frans Pres agentliyi yayıb.
Navalny seçki öncəsi xüsusi fəallıq göstərir, özəlliklə də gənc seçiciləri tərəfinə çəkməyə çalışır. Ancaq Mərkəzi Seçki Komissiyası (MSK) iyunda bildirib ki, o, maliyyə cinayətlərində təqsirli bilindiyindən dövlət qulluğuna namizədliyini verə bilməz. Amma müxalifətçi həmin işlərin siyasi səbəblərlə hakimiyyət tərəfindən uydurulduğunu vurğulayır.
MSK sədri Ella Pamfilova oktyabrın 17-də bir daha qeyd edib ki, Navalny hökmlər ucbatından “2028-ci ilədək üstəgəl altı ay ərzində” dövlət vəzifəsinə namizədliyini verə bilməz.
Ancaq Navalny vebsaytında prezidentlik uğrunda kampaniyanı davam etdirəcəyini bildirib. “Biz bütün digər namizədlərdən daha artıq seçkiyə qatılmaq hüququna malikik”, – Navalny yazıb.
SOBCHAK-DAN DA DANIŞIB
Navalny-nin sözçüsü deyib ki, hakimiyyət Həştərxanda Druzhba (Dostluq) parkındakı yürüşə icazə verib.
Müxalifət fəalı son aylar bir çox şəhərlərdə etiraz yürüşləri keçirib. Nümayişçilər hakimiyyəti Navalny-ni prezident seçkisinə buraxmağa çağırıblar.
Putin hələlik, gələn il prezident seçkisinə gedəcəyini rəsmən açıqlamayıb, ancaq buna böyük gözləntilər var.
Navalny həbsdə olanda rusiyalı televiziya ulduzu, müxalifət fəalı və Sankt Peterburqun keçmiş merinin qızı Ksenia Sobchak prezident seçkisinə qatılacağını bildirib.
Sobchak-ın qərarından danışan Navalny deyib ki, “hər kəsin seçkiyə qatılmaq hüququ var”. O, bəzi namizədləri digərlərindən “daha çox, yaxud daha az” bəyəndiyini söyləyib.
Ötən ay Navalny Sobchak-ın namizədlik ideyasına rişxənd etmiş, Kremlin onu Putin-ə liberal rəqib kimi ortaya atacağını söyləmişdi.