Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:07

260 manata satılan taxta indi 320 manata təklif edilir – Media icmalı


Tikinti bazarı
Tikinti bazarı

Ölkədə islahatların gedişi, qeyri-neft sektorunun vəziyyəti və tikinti bazarında qiymətlərin kəskin bahalaşması bu gün medianın (23 oktyabr 2017-ci il) aparıcı mövzularındandır...

TAXTA, ARMATUR VƏ KİRƏMİT KƏSKİN BAHALAŞIB

«Yeni Müsavat» qəzetində «Gömrük rüsumları bazarı çökdürür: tikinti materialları fantastik bahalaşdı» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, tikinti materiallarının qiyməti kəskin bahalaşıb. Müəllif əvvəlcə bu qiymət artımını bir az da təəccüblə qarşılayır. Yazıda vurğulanır ki, əhali manatın məzənnəsi sabitləşdikcə, bazarda qiymətlərin də sabitləşəcəyi düşüncəsində idi:

«Lakin son 9 ayın təcrübəsi göstərdi ki, vəziyyət heç də düşünüldüyü kimi deyil. Qiymətlər durmadan artmaqda davam edir».

Müəllifi hesab edir ki, Bakıda yeni tikinti bumu gözlənilir, istismar müddəti bitmiş köhnə binaların yerində hündürmərtəbəli binaların tikilməsi prosesinə start verilib. Bu amil də tikinti materiallarına tələbi artırıb.

Yazıda paytaxtın tikinti materialları satışını həyata keçirən ən böyük bazarı – «Dərnəgül bazarı»ndakı qiymətlərdən bəhs edilir. Müəllifin müşahidələrinə görə, bazarda alıcılıq qabiliyyəti ötən aylarla müqayisədə zəifləyib. Bazarda müştəri qıtlığı var. Müştəri qıtlığını satıcılardan biri belə izah edib:

«İki aya yaxındır ki, bazarda qiymətlər artmağa başlayıb, artım daha çox yağların bahalaşması ərəfəsinə təsadüf etdi. Bu da müştəri qıtlığına səbəb olur».

Yazıda bildirilir ki, satıcılar tikinti materiallarının bahalaşmasını gömrük rüsumları ilə əlaqələndirirlər:

«Ən xırda detalın belə üzərinə elə rüsum qoyurlar ki, bazarda üstünə əlavə qiymət qoya bilmirik. Müştəri qaçmasın deyə, qazanc üçün qəpik-quruş artırırıq. Misal üçün kiloqramı 1 manat 35 qəpiyə olan mismarın üzərinə 10-15 qəpik qoyuruq. Yerpulunu, gündəlik xərcləri hesablayanda, çox az qazancımız olur».

Yazıda vurğulanır ki, bazarda daha çox taxta, armatur və kirəmitin qiyməti bahalaşıb:

«Kubmetri 260-270 manata satılan taxta indi 315-320 manata təklif edilir».

Neft
Neft

NEFT, YOXSA İSLAHATLAR?

«Novoye Vremya» qəzetində diqqəti «Ağırlıq neftin, yoxsa islahatların üzərinə qoyulur?» sərlövhəli yazı cəlb edir.

Müəllif yazır ki, neftin hansı qiymətə olmasına baxmayaraq, qeyri-neft sahəsində islahatlar heç bir halda ikinci plana keçirilməməlidir:

«Neftin qiyməti 50 dollardan bir az yuxarı qalxan kimi neft hasil edən ölkələrdə eyforiya başlayır. Qeyri-neft sektorunda islahatlar, ixrac məhsulları istehsalının artırılması kimi çağırışlar unudulur. Bu ölkələrin büdcəsi yenidən neftin barrelinin qiymətinə istinadən formalaşır və bu məsələdə Azərbaycan da istisna deyil».

Yazıda vurğulanır ki, Azərbaycanın 2018-ci il büdcəsində neftin dəyəri 45 dollardan hesablanır. Həmin il üzrə büdcə gəlirləri 20.127 milyard, xərcləri isə 20.905 milyard manat nəzərdə tutulur.

Yazıda bildirilir ki, böhran dövründə ölkədə iqtisadiyyatı neft asılılığından xilas edəcək real model hazırlanmayıb və günah hökumətdədir. Müəllifin fikrincə, hətta ortamüddətli dövr üzrə də antiböhran tədbirləri hazırlanmayıb.

Müəllif ümumi daxili məhsulda (ÜDM) qeyri-neft sektorunun payının artması kimi rəsmi informasiyaları inandırıcı saymır. Yazıda vurğulanır ki, iqtisadiyyatda makrosabitliyə ancaq bütün qeyri-neft sektorunu reallıqda inkişaf etdirməklə nail olmaq mümkündür.

Müəllifi hesab edir ki, Azərbaycanda riskləri aradan qaldırmaqdan ötrü ağırlıq neftin yox, real iqtisadi islahatların üzərinə qoyulmalıdır.

İ.Əliyev Balaxanı Sənaye Parkında
İ.Əliyev Balaxanı Sənaye Parkında

İSLAHATLARIN YENİ MƏRHƏLƏSİ

«Azərbaycan» qəzetində «İqtisadi islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoymaqla daha intensiv xarakter alıb» sərlövhəli yazı yer alır.

Bu yazıda da islahatların əhəmiyyətinə toxunulur. Amma müəllif hesab edir ki, bu proses uğurla həyata keçirilib.

Yazıda bildirilir ki, 2015-ci ildən etibarən neftin qiymətinin kəskin düşməsi ilə ölkədə yeni makroiqtisadi durum yaranıb və bu, islahatların yeni mərhələsini qaçılmaz edib:

«Yaranan yeni şəraitə adekvat reaksiya bu gün ciddi iqtisadi nəticələr əldə etməyə imkan verib. Dövlət başçısının iqtisadi islahatlar üzrə siyasəti davamlı və dayanıqlı xarakter daşıyır».

Müəllif vurğulayır ki, ölkədə iqtisadi islahatlar bundan öncə də aparılıb. Yazıda bildirilir ki, Azərbaycanda dərin iqtisadi islahatların aparılması prosesi Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başlayıb.

Müəllifin fikrincə, indi həmin prosesi prezident İlham Əliyev uğurla davam etdirir.

Yazıda həmçinin bildirilir ki, indi iqtisadi islahatlar üzrə başlıca hədəflər ölkə iqtisadiyyatının dayanaqlığının, şaxələndirilməsinin və rəqabətqabiliyyətliliyinin təmin edilməsidir.

Müəllif hesab edir ki, iqtisadi islahatların təmin olunmasından ötrü sahibkarlıq fəaliyyəti, qanunvericilik və biznes mühiti daha da yaxşılaşdırılır. Yazıda vurğulanır ki, bütün bu tədbirlər Azərbaycanı son illərdə dünyanın ən sürətli və dayanıqlı inkişaf edən ölkəsinə çevirib.

XS
SM
MD
LG