Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:54

Daha bir siyasi fəalın Avropa məhkəməsinə şikayəti 'itib'


"Həbsxanadan məktub". Karikatura. Gündüz Ağayev. 23noy2016

“Respublikaçı Alternativ” (REAL) Hərəkatının Sumqayıt Məclisinin üzvü, 2017-ci il fevralın 20-də polisə tabe olmama ittihamı ilə 30 sutka həbs cəzası alan Rahim Şalıyevin işi üzrə Avropa İnsan Haqları Məhkəməsinə göndərilmiş şikayət ərizəsi gedib çatmayıb.

Bu haqda AzadlıqRadiosu-na Şalıyevin vəkili Yalçın İmanov məlumat verib.

Vəkil deyir ki, Azərbaycandan Avropa Məhkəməsinə göndərilən bir xeyli şikayətin gedib çatmaması hallarını nəzərə alaraq, Şalıyevin işi üzrə aylar öncə göndərdiyi ərizənin qeydiyyata alınması haqda cavab gəlməməsindən narahat olub. Bu məsələni aydınlaşdırarkən bəlli olub ki, Azərbaycandan Avropa Məhkəməsinə ümumiyyətlə, belə bir iş getməyib.

Buna da bax:​ Avropa Məhkəməsinə gedən daha bir şikayət itib

“Mən şikayət ərizəsini iyunun 7-də göndərmişdim, amma cavab gəlməmişdi. Bununla əlaqədar oktyabrın 3-də Avropa Məhkəməsinə məktub göndərib, ərizənin taleyilə maraqlandım. Oktyabrın 18-də Avropa Məhkəməsindən mənə elektron məktub gəlib ki, ümumiyyətlə, onlara Rahim Şalıyevlə bağlı şikayət ərizəsi daxil olmayıb”, – vəkil bildirib.

“GÖRÜNMƏMİŞ İŞ DEYİL”

Məsələ ilə əlaqədar “Azərpoçt” MMC-yə müraciət edəcəyini deyən vəkil yada salır ki, həbsdə olan AXCP üzvü Murad Ədilovun işi üzrə göndərdiyi ərizə də Avropa Məhkəməsinə gedib çıxmamışdı: “Muradın şikayət ərizəsinin itdiyini “Azərpoçt” özü də rəsmi məktubla təsdiqlədi. Bundan sonra biz o işi yenidən göndərməli olduq. Ümumiyyətlə, Avropa Məhkəməsinə göndərilən şikayətlərin itirilməsi sanki ənənə halını alıb. Çox maraqlıdır ki, bu hallara, əsasən, siyasi motivli işlərdə rast gəlirik”.

Buna da bax: Avropa Məhkəməsinə daha bir məktub yetişmədi

Bundan öncə vəkillərdən Nemət Kərimli, Əsabəli Mustafayev, Elçin Sadıqov da eyni problemlə üzləşib. Keçmiş prezident Heydər Əliyevin heykəlinə şüar yazdıqdan sonra həbs olunan Bayram Məmmədov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzi və başqa məhbusların işi üzrə Avropa Məhkəməsinə göndərilən şikayət ərizələri gedib çatmayıb.

“Azərpoçt” MMC-dən AzadlıqRadiosu-na məktubların bəzən ünvanına gedib çatmadığını təsdiqləsələr də, bildirilib ki, belə hallar istənilən ölkədə baş verir: “Bağlama da itə bilər, məktub da itə bilər. Bu hal Amerikada da olur, Fransada da olur. Görünməmiş iş deyil”.

Günün bütün mövzuları

XS
SM
MD
LG