Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:23

Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərilən daha bir şikayət məktubunun itdiyi bildirilir.

Vəkil Cavad Cavadovun açıqlamasına görə, “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırovun işindən göndərilən şikayət yolda itib.

“Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyim şikayət məktubu poçtda yoxa çıxıb. Noyabr ayının 12-də “Azərpoçt”un 7 saylı şöbəsindən AİHM-ə sənədlər yola salmışam və hal-hazırkı vaxtadək məktubun kodu izləmə sistemində yoxdur. “Azərpoçta” yazdığım şikayətlərlə bağlı mənə bu gün (noyabrın 25-i) şifahi cavab verilib ki, məktub hansısa səbəbə izləmə sisteminə oturmayıb və hal - hazırda məsələ araşdırılır”.

Buna da bax:​ Avropa Məhkəməsinə gedən məktublar qeybə çəkilir

Vəkil məktubun T. Bağırovun Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilmiş şikayətinə əlavə olduğunu bildirib. Onun fikrincə, “bunun qəsdən və ya səhlənkarlıqdan edilməsi son vaxtlar belə halların çoxalması fonunda ciddi düşünməyə əsas verir”.

XATIRLATMA

Siyasi məzmunlu məhkəmə işlərindən AİHM göndərilən şikayətlərin itməsi ilk dəfə deyil ki, baş verir.

Noyabrın 23-ü vəkilləri həbsdə olan gənc fəal Bayram Məmmədovla bağlı AİHM-ə göndərilən şikayət məktubunun itdiyini açıqlamışdılar.

Buna da bax: Fuad Qəhrəmanlının şikayət məktubları itib - ikinci dəfə...

Bu ilin əvvəlində Meydan TV ilə əməkdaşlığa görə, təqibə məruz qaldığını bildirən jurnalist Şirin Abbasovun şikayət məktubları da poçtda itmişdi. Bununla bağlı hətta poçt vəkil Elçin Sadıqova kompensasiya da ödəyib.

Noyabrın əvvəlində siyasi məzmunlu işlərdən tanınan vəkil Yalçın İmanov da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Murad Ədilov haqqındakı hökmdən Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətin itdiyini açıqlamışdı.

Ondan başqa vəkil Nemət Kərimli də AXCP sədrinin müavini Fuad Qəhrəmanlının AİHM-ə göndərilən şikayət məktublarının itdiyini bəyan eləmişdi.

Buna da bax:​ Avropa Məhkəməsinə gedən daha bir məktub itib

«Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat zamanı həbs edilib. Həmin hadisələr zamanı 6 nəfər həlak olub. Rəsmi bilgilərə görə, 70-dən çox şəxs (müstəqil mənbələr bu rəqəmi 87 göstərir) həbs edilib.

Taleh Bağırov və daha 17 nəfərin hazırda məhkəməsi gedir. O və onunla saxlananlar qətldə, daha bir çox başqa ağır cinayətlərdə ittiham edilirlər. Təqsirləndirilənlər bu ittihamları rədd edərək, onlardan işgəncə altında ifadə alındığını bildirirlər. Ancaq hüquq mühafizə orqanları da işgəncə şikayətlərini rədd edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG