Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 04:14

'Sərhədsiz Reportyorlar' da Fikrət Hüseynlini müdafiə etdi


Fikrət Hüseynli

«Ukrayna hakimiyyətini Fikrət Hüseynlini azad etməyə çağırırıq. Repressiv hökumətlərin xaricə qaçan dissidentlərin təqibi üçün çox vaxt «qırmızı xətt»indən sui-istifadə etdiyi İnterpolu islahatlara dəvət edirik».

«Sərhədsiz Reportyorlar» beynəlxalq hüquq-müdafiə təşkilatının Ukraynada həbs edilən jurnalist Fikrət Hüseynli barəsində bəyanatında belə yazılır.

Təşkilat xüsusi qeyd edir ki, Niderlandda mühacirətdə yaşayan Azərbaycan əsilli jurnalist F.Hüseynli bu ay İnterpolun sorğusu əsasında Kiyev aeroportunda həbs edilən ikinci xarici jurnalistdir.

«Ukrayna Azərbaycanın fərqli düşünənlərin təqibini öz sərhədlərindən kənara yaymaq cəhdlərini dəstəkləməməlidir», - deyə «Sərhədsiz Reportyorlar»ın bəyanatında bildirilir.

ABŞ-da mənzillənən «Freedom House» insan haqları təşkilatı da oktyabrın 17-də Fikrət Hüseynli ilə bağlı oxşar bəyanat verib.

XATIRLATMA

Fikrət Hüseynli 2008-ci ildə Azərbaycandan mühacirət edib. Hollandiyada siyasi sığınacaq alan Hüseynli sonradan bu ölkənin vətəndaşı olub.

F.Hüseynli oktyabrın 14-də Ukraynadan Almaniyanın Düsseldorf şəhərinə yola çıxarkən Kiyevin Borispol hava limanında saxlanıb. O, bir neçə gün Ukraynanın paytaxtında qalıb.

F.Hüseynlinin Azərbaycan tərəfinin İnterpola verdiyi təqdimat əsasında saxlandığı deyilir. Azərbaycan tərəfinin jurnalisti Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 178-ci (Dələduzluq) maddələri ilə ittiham etdiyi bildirilir.

Jurnalistin özü isə ittihamları rədd edib.

F.Hüseynli dünən, oktyabrın 17-də Ukraynada Borispol Şəhər Məhkəməsi qarşısına çıxarılıb. Məhkəmə Niderland vətəndaşı olan jurnalist barəsində 18 günlük həbs-qətimkan tədbiri seçib.

Azərbaycanın hüquq-mühafizə orqanları hələlik F.Hüseynlinin saxlanılması ilə bağlı şərh vermirlər.

F.Hüseynli Avropada siyasi mühacirlərin tədbirlərinə fəal şəkildə qatılırdı. Son vaxtlar Avropadan yayımlanan «Turan TV» peyk telekanalı ilə əməkdaşlıq edirdi.

F.Hüseynli müxalif «Azadlıq» qəzetinin əməkdaşı olarkən - 2006-cı ilin martında Bakının Badamdar qəsəbəsində maskalı naməlum şəxslərin hücumuna məruz qaldığını açıqlamışdı. Onun həmin vaxt döyüldüyü, bıçaqlandığı bildirilirdi. Jurnalist bundan sonra rəsmi şəkildə şikayət etsə də, baş verənlərə görə kimsə məsuliyyətə alınmamışdı. 2008-ci ilin əvvəllərində o, Azərbaycanı tərk edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG