Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:39

'AB ilə əməkdaşlıq xarici siyasət prioritetlərindən biridir' - Nazir


Elmar Məmmədyarov

Bu gün, oktyabrın 18-i Azərbaycanda səfərdə olan Polşanın xarici işlər naziri Witold Waszczykowski həmkarı Elmar Məmmədyarovla da görüşüb.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

«Azərbaycanla Polşa arasında qədim əlaqələr var».

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov deyib. O, iki ölkə arasında əlaqələrin beynəlxalq təşkilatlar çərçivəsində də dərin və geniş olduğunu söyləyib.

Nazir deyib ki, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı ilə bağlı Polşanın mövqeyi birmənalıdır və buna görə təşəkkürünü bildirib.

AB İLƏ ƏMƏKDAŞLIQ PRİORİTETDİR

«Avropa Birliyi ilə əməkdaşlıq Azərbaycanda böyük maraq doğurur. Hazırda Avropa Komissiyası ilə sıx əməkdaşlıq edirik. Xüsusilə tərəfdaşlıq sazişi ilə bağlı işlər gedir», - E.Məmmədyarov bildirib.

O deyib ki, Azərbaycan AB-nın üzvü olan 10 ölkə ilə strateji tərəfdaşdır, daha iki ölkə ilə strateji tərəfdaşlıq sazişinin imzalanması gözlənilir:

«Düşünürük ki, Avropa Birliyi ilə saziş strateji əhəmiyyətli olmalıdır. Avropa Komissiyasının üzvləri bu ayın sonu Azərbaycana gələcəklər. Avropa Birliyi ilə əməkdaşlıq Azərbaycanın xarici siyasət prioritetlərindən biridir».

«AZƏRBAYCAN BİZƏ ƏHƏMİYYƏTLİ ÖLKƏDİR»

«Azərbaycan bizim üçün əhəmiyyətli ölkədir. Azərbaycan Avropanın şərqinin enerji təminatçısıdır. Bizim əməkdaşlığımız region baxımından önəmli ola bilər».

Bunu isə Polşanın xarici işlər naziri W.Waszczykowski deyib.

Polşa naziri bildirib ki, Azərbaycan kimi təhlükəsiz ölkə polşalı turistlərə maraqlı ola bilər:

«Biz «Şərq Tərəfdaşlığı» çərçivəsində əməkdaşlığı müzakirə etdik. Növbəti ay sammit olacaq və biz bu qrup çərçivəsində əməkdaşlığı müzakirə edib, genişləndirə biləcəyik. Hər iki ölkə çətin qonşuluqda yaşayır. Hər iki ölkə regionda sülh və təhlükəsizliyin tərəfdarıdır».

Polşanın xarici işlər naziri W.Waszczykowski oktyabrın 18-i Azərbaycanda rəsmi görüşlərə başlayıb. Günün birinci hissəsi prezident İlham Əliyevin qəbulunda olub. Həmin görüşdə də iqtisadi, siyasi əlaqələr, Dağlıq Qarabağ problemi və Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

XATIRLATMA

Əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Hazırda Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlıq sazişi ətrafında danışıqlar gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG