Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:39

'Cənnət'ə kənardan tamaşa edən xalq-Media icmalı


Arif Əliyev
Arif Əliyev

Məhkəmələrdə bank-müştəri münasibətləri, ölkədə iqtisadi vəziyyət və rəsmi göstəricilərə inamsızlıq bu gün (18 oktyabr 2017) medianın aparıcı mövzularındandır...

UÇURUM

Ayna.az saytında Arif Əliyevin ««Cənnət»dən hökumətə hesabat» sərlövhəli yazısı dərc edilib.

A.Əliyev bildirir ki, bu günlər radioda hökumətin doqquz aylıq fəaliyyətinin yekunlarına dair hesabatı dinləyib:

«Rəhbərlər bir-birini əvəzləyir, böhran içində çabalayan dünyada Azərbaycanın uğurlarından danışırlar: indi yalnız energetikamız «rövnəq»lənmir, bütün iqtisadiyyatımız «şahin» kimi pərvazlanır. Durmadan irəliləyirik, inkişaf edirik, maaşlar artır, işsizlik azalır, güzəştli kreditlər çoxalır, biznes mühiti yaxşılaşır, təhsil güclənir, səhiyyə genişlənir, hər şey «ASAN»laşır, hər yan «ABAD»laşır».

Müəllif sual edir:

«Belə çıxır ki, geri gedənlər təkcə mən və ətrafımdakılardır... Bəlkə, özünün təsvir etdiyi firavanlıq içində yaşayan hökumətimizə bu cənnətə kənardan tamaşa edən xalqın ən adi qayğıları barədə biz də bir hesabat verək?».

Yazıda vurğulanır ki, indi ölkədə bir çox həqiqətləri təhrif edənlər yalnız özlərini aldatmaqla məşğuldurlar:

«Yüz minlərlə insanın həyat çətinliklərini abad prospektlər boyu ucaldılmış bəzəkli hasarların arxasında gizlədənlər hamıdan əvvəl özlərini aldadırlar. Və getdikcə öz yalanlarına daha çox inanırlar. Hesabat günündə problemləri önə çəkmək, onların həlli üçün tədbirlər görmək əvəzinə, bir-birlərini tərifləyə-tərifləyə «analoqu olmayan uğurlar»ından dəm vururlar. Gündəlik qayğıların yükü altında qəddi əyilən insanlar da qulaq asır, eşitdikləri ilə gördüklərini tutuşdurur və… rəhbərlərlə öz aralarında dərinləşən uçurumu hiss edirlər».

Manat
Manat

MƏHKƏMƏLƏRDƏ VƏTƏNDAŞ-BANK ÇƏKİŞMƏLƏRİ

«Exo» qəzetində «Azərbaycanda məhkəmələr özəl bankların iddiaları ilə dolub» sərlövhəli yazı oxumaq olar.

Müəllif bu problemi və onun səbəblərini hüquqşünas Elman Osmanovla araşdırır.

«Hazırda Azərbaycanda banklarla bağlı məhkəmə işlərinin çoxu problemli kreditlərin payına düşür. Məhkəmə qərarlarının əksəriyyəti də ədalətli deyil. Belə ki, maliyyə qurumlarının xeyrinə çıxarılır», - deyə hüquqşünas qəzetə bildirib.

E.Osmanov deyib ki, özəl banklar vətəndaşlara yüksək faizlə kreditlər veriblər. Devalvasiyadan sonra manat iki dəfə dəyər itirib. Nəticədə kredit götürənlərin çoxunun onu qaytarmağa gücü qalmayıb.

Hüquqşünasın bildirməsinə görə, banklar isə indi müştərilərə güzəştə getmək fikrində deyillər:

«Mövcud qanunvericiliyə görə, belə hallarda bank borclunu ancaq məhkəməyə verə bilər. Müştəriləri mülkiyyətini, avtomobilini satmağa məcbur edərək krediti ödətdirə bilməz. Yəni, belə bir qərarı yalnız məhkəmə qəbul edə bilər».

E.Osmanov xatırladıb ki, artıq təkcə banklar yox, bank olmayan kredit təşkilatları da öz müştərilərini məhkəməyə verir. Üstəlik, bəzi vətəndaşlar da əks iddialarla çıxış edirlər:

«Bu məsələdə vətəndaşlar bankların vəsaitlərini verməmələrindən, cərimə həcminin əsassız hesablanmasından, bankların əməkdaşlıq etdikləri kollektorların fəaliyyətindən narazılıq edilər».

Hüquqşünas deyib ki, mənzil almaqdan ötrü verilmiş kreditlərlə bağlı da çoxsaylı mübahisəli işlər var:

«Hazırda banklarla və qeyri-bank kredit təşkilatları ilə bağlı məhkəmə işlərinin 70 faizindən çoxu maliyyə qurumlarının təşəbbüsü ilə qaldırılıb. Faktiki olaraq, təşkilatlar öz müştərilərindən şikayət edirlər və məhkəmə işlərinin çoxu maliyyə qurumlarının xeyrinə nəticələnir».

Müəllif rəsmi rəqəmlərə istinadən bildirir ki, hazırda ölkədə vaxtı keçmiş problemli kreditlər 1 milyard 824 milyon manata yüksəlib.

Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

SABİTLİK- UĞURLARIN TƏMİNATI

«Azərbaycan» qəzetində dərc edilən «İqtisadi inkişaf infrastruktur layihələrini davam etdirməyə imkan verir» sərlövhəli yazıda ölkənin sosial-iqtisadi inkişafı dəyərləndirilir.

Müəllif xatırladır ki, prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Həmin iclasda qeyri-neft iqtisadiyyatının 2.5 faiz , aqrar sənayenin 3.1 faiz artması ilə bağlı deyilənləri müəllif ölkədə aparılan siyasətin uğurlu nəticəsi adlandırır.

Yazıda bildirilir ki, aqrar sektorun inkişafı sosial-iqtisadi problemlərin həllində önəmli rol oynayır:

«Belə ki, aqrar sektorun inkişafı burada çalışan ölkə əhalisinin sosial rifahının yaxşılaşması, ərzaq təhlükəsizliyini təmin etməklə birgə, həm də böyük ixrac potensialına malikdir».

Müəllif yazır ki, bu il sentyabrın 14-də «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi ilə bağlı yeni sazişin imzalanması ölkədə inkişafın sürətlənməsinə yeni imkanlar açacaq.

Yazıda vurğulanır ki, dünyada baş verən siyasi qarşıdurmalar nəticəsində yaranan problemlər bir çox ölkələrin iqtisadi inkişafına mənfi təsir göstərir. Amma Azərbaycanda sabitliyin olması inkişafı təmin edir.

XS
SM
MD
LG