İraq ordusu kürdlərin nəzarətində olan neft şəhəri Kərkükü və ətrafdakı neft obyektlərini oktyabrın 17-də bütünlüklə ələ keçirib.
İraq ordusunun elitar dəstəsi olan və ABŞ-ın təlim keçdiyi anti-terror Qüvvələrinin zirehli maşınları Kərkükün yerli hakimiyyət binasını tutub, onlarlazirehli maşın yaxınlıqdakı strateji məntəqələri nəzarətə alıb.
Kərkükdə inzibati binalardan Kürd bayraqları çıxarılır, yerinə İraqın dövlət bayraqları sançılır.
İraq qoşunları Kərkükün şimal-qərbində olan Şimal Neft Şirkətinin qərargahını və kürd qüvvələrinin əlində olan neftayırma zavodunu ələ keçirib. İraqın neft rəsmisi Reutersə deyib ki, bunlar döyüşsüz əldə olunub.
Kərkükdə yaşayan sayca 3-cü əsas etnik qrup olan türkmənlər bu son hadisələri necə qiymətləndirir?
İraq Parlamentində Kərkükdən olan millət vəkili, İraq Türkmən Cəbhəsinin lideri Erşad Salihi deyir ki, İraq qoşunlarının gəlməsini türkmənlər istəyirdi.
Salihi həmçinin deyir ki, Kərkükə kənardan gəlmiş kürdlərin çoxu çıxıb getdi.İraq qoşunları gələndən isə onun sözlərinə görə, heç bir yanlışlığa yol verilmir. Onlara türkmən könüllüləri də yardım edir.
İraq qoşunlarının əməliyyatı İraq Kürdüstanında sentybarın 25-də keçirilən müstəqillik referendumuna Bağdadın cavabıdır. İraq Kürdüstanı Səddam Hüseyn 2003-cü ildə devriləndən sonra İraq tərkibində muxtariyyət almışdı və neft gəlirlərinin çox hissəsinə sahib idi.