Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 00:58

Azərbaycanın regionda əhəmiyyəti, kredit borclarına görə şikayətlərin Avropa Məhkəməsinə çatması və ucuz, şübhəli yağların bazara yol tapması bu gün (11 oktyabr 2017) medianın aparıcı mövzularındandır...

UCUZ, AMMA...

«Yeni Müsavat» qəzetində «Bazarda ucuz və sağlamlığa təhlükəli kərə yağları satılır- rəsmi xəbərdarlıq» sərlövhəli yazı oxumaq olar.

Yazıda ölkəyə gətirilən ərzaq mallarının və xüsusilə yağ məhsullarının aşağı keyfiyyətli olmasından bəhs edilir və bunun səbəbləri araşdırılır. Yazıda iddia edilir ki, keyfiyyətsiz yağlar Azərbaycana, əsasən, Rusiya, Belarus və Ukraynadan gətirilir.

Müəllif rəsmi statistikaya istinadən yazır ki, bu ölkələrdən Azərbaycana kiloqramı 2-4 dollar arasında kərə yağları daxil olub. Yazıda vurğulanır ki, bu faktın özü Azərbaycana həmin ölkələrdən idxal edilən yağların keyfiyyətini diqqətdə saxlamağa əsas verir.

Müəllif hesab edir ki, əsl kərə yağı sözügedən ölkələrdə 2-4 dollardan bahadır.

Yazıda daha sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının düşüncələrinə yer verilir. Qurum sözçüsü deyib ki, bu ərzaqlar laboratoriyalarda yoxlanılır, standartlara uyğundursa, sertifikat verilir, uyğun deyilsə, belə sertifikat verilmir.

Standartlara cavab verməyən məhsulların bazara yol tapmasına gəlincə, F.Talıblı deyib:

«İki ildir ölkədə sahibkarlıq subyektlərinin yoxlanmasının qadağan olunması haqqında qanun qüvvədədir. Buna görə də biz istehlak bazarında planlı yoxlamalar aparmırıq. Sadəcə, konkret müraciətlər olanda yoxlama həyata keçiririk. Bildiyiniz kimi, qanunun müddəti noyabrda bitir, əgər yenidən müddəti uzadılmasa, biz planlı yoxlamaları bərpa edəcəyik».

Manat
Manat

«KREDİT MƏHBUSLAR»I KOMPENSASİYA İSTƏYİR...

«Novoye Vremya» qəzetində «Həbslərlə problemi həll etmək olmaz-bir daha vaxtıkeçmiş kreditlər haqqında» sərlövhəli yazı diqqəti cəlb edir.

Yazıda bildirilir ki, ölkədə vaxtıkeçmiş kreditlər problemi həllini tapmayıb. Bu ilin sentyabrına belə kreditlər artaraq 1 milyard 824 milyon manata çatıb. Müəllif vurğulayır ki, bu, bütün kredit portfelinin 15 faizinə yaxındır.

Yazıda bildirilir ki, ölkənin təqribən hər dörd vətəndaşından biri banklara borcludur:

«Buna görə də problemin həllinə dövlət səviyyəsində yanaşılmalıdır. Amma göründüyü kimi, aidiyyəti qurumlar bunu ya istəmir, ya da sadəcə bacarmırlar. Deputatlar ancaq danışır. Maliyyə Bazarlarına Nəzarət Palatası və kommersiya bankları pulların qaytarılmasını tələb edir, əhalinin bu duruma düşməsinə səbəb kimi olan iki devalvasiyanı görməzdən gəlirlər».

Müəllif yazır ki, əhalinin kredit borclarını ödəməməsinin səbəbi çox sadədir: İnsanların dolanışığı getdikcə çətinləşir:

«Bankirlər kollektorları, məhkəmə və hüquq-mühafizə orqanlarını bu işə cəlb edərək, vətəndaşlardan güclə də olsa, pulu alır. Amma ölkənin imicinə vurduqları ziyanı nəzərə almırlar».

Bank eksperti Əkrəm Həsənov deyib ki, artıq Avropa İnsan Hüquqları Məhkəməsində bu məsələ ilə bağlı Azərbaycandan göndərilmiş şikayətlər icraata götürülüb:

«Bununla bağlı məhkəmə 2018-ci il yanvarın 18-nə kimi Azərbaycan hökumətinə vaxt verib. Hökumət rəyini mənə göndərəcək və mən də rəy bildirəcəyəm. Gələn il məhkəmə bu məsələ üzrə qərar qəbul edəcək...».

Ə.Həsənov deyib ki, şikayətçilər banklara borca görə inzibati qaydada həbs edilən insanlardır.

Bakı
Bakı

REGİONUN SABİTLİK TƏMİNATI -AZƏRBAYCAN

«Azərbaycan» qəzetində «Regionda sabitliyin və sülhün təmin olunmasına töhfə verən ölkə» sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, Azərbaycan getdikcə qlobal iqtisadi və siyasi proseslərdə aparıcı qüvvəyə çevrilir. Müəllifin fikrincə, prezident İlham Əliyevin qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətti xarici aləmdə də təqdir edilir:

«Ölkəmiz regionda sabitliyin və sülhün təmin olunmasına töhfə verir. Sülh və əmin-amanlığın, ərazi toxunulmazlığının qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirir. Azərbaycanın dünya birliyinə təsir imkanları daha da genişlənir».

Yazıda vurğulanır ki, regionun əsas problemi olan Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı son bir ildə aparılan danışıqlar nəticəsiz qalıb. Müəllif hesab edir ki, buna səbəb danışıqlar prosesinə real təsir imkanlara malik dövlətlərin və beynəlxalq qurumların konkret təzyiq mexanizmlərindən istifadə etmək istəməmələridir.

Yazıda dövlət başçısı İlham Əliyevdən sitat da gətirilir:

«Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq».

Yazıda vurğulanır ki, ölkənin iqtisadi qüdrəti də daha da artmaqdadır. Müəllifə görə, bu, ölkənin qarşıya qoyduğu vəzifələrə daha tez çatmasına imkan verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG