Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:13

'Kredit məhbusları'nın işini Avropa Məhkəməsi araşdırır


Manat

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) borca görə həbs edilmiş 3 Azərbaycan vətəndaşının şikayətini araşdırmağa başlayıb.

Bu haqda məhkəmənin saytı xəbər verir.

Məhkəmə 3 şikayəti birləşdirib. Şikayətçilər Vahid Kərimov, Mübariz Bayramov Mahir Abbasovdur.

V.Kərimov «Rabitəbank»a, M.Bayramov «Unibank»a, M.Abbasov isə digər bir vətəndaşa borclu olması səbəbindən həbs ediliblər. İndi onlar azadlıqdadırlar. 2015-ci ildə bir ay müddətinə inzibati qaydada cəzalandırılıblar.

Şikayətçilər yerli məhkəmələrə müraciət etsələr də, onları təmin edən cavabları almayıblar.

AİHM-ə üz tutan şikayətçilər iddia edir ki, yerli məhkəmələr onların Avropa İnsan Haqları Konvensiyasının 6-cı (Ədalətli məhkəmə araşdırması) maddəsi üzrə təminat altına alınan hüquqlarını pozub.

Habelə, Konvensiyanın 4 Saylı Protokolunun 1-ci (Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz) maddəsi ilə də hüquqlarının pozulduğunu bildiriblər.

AİHM-dən pozuntuların tanınması və dəymiş maddi-mənəvi zərərin kompensasiya edilməsi istənilir.

AİHM Azərbaycan hökumətinə şikayətlərlə bağlı suallar göndərib. Suallara 2018-ci il yanvarın 18-dək cavab verilməlidir. Bunun detalları açıqlanmır.

Şikayətçiləri AİHM-də «Antikollektor» şirkətinin rəhbəri, hüquqşünas Əkrəm Həsənov təmsil edir. O, şikayətlərin araşdırılmağa başlaması ilə bağlı deyib ki, Azərbaycan borcunu ödəyə bilməyən şəxslərin həbs olunduğu yeganə Avropa dövlətidir. Hüquqçu güman edir ki, AİHM şikayətlərlə bağlı gələn il qərar verəcək.

2015-ci ildə Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollara nisbətən iki dəfə dəyər itirib. Bundan sonra bank kreditlərin qaytarılmasında problemlər yaşandığı bildirilib.

Hətta bank vətəndaş çəkişməsi üzündən intihar edənlər də olub.

Hazırda ölkədə problemli kreditlərin həcminin 2 milyard manata yaxınlaşdığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG