Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 03:35

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyi Baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru Jean-Christophe Belliard-ın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə bu gün, oktyabrın 10-u Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüşdə Azərbaycan və Avropa Birliyi (AB) arasında əməkdaşlığın inkişafı, strateji tərəfdaşlığa dair saziş layihəsi üzrə danışıqların gedişi ətrafında fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov yeni sazişin siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, humanitar və digər sahələri əhatə etdiyini bildirib. O vurğulayıb ki, bu, Azərbaycanın AB ilə əlaqələrinin hərtərəfli inkişafında mühüm çərçivə yaradır. Tərəflər AB və Azərbaycan arasında «açıq səma» sazişi üzrə danışıqların da uğurla davam etdiyini bildiriblər.

E.Məmmədyarov həmsöhbətinə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə də məlumat verib. Deyib ki, münaqişənin tezliklə həllindən ötrü Ermənistan qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmalıdır.

Görüşdə beynəlxalq gündəlikdə duran aktual məsələlər, AB-nin «Şərq tərəfdaşlığı» ölkələri ilə qarşıdan gələn zirvə toplantısı barəsində fikir mübadiləsi də aparılıb.

Jean-Christophe Belliard oktyabrın 9-da Bakıya gəlib. Onun prezident İlham Əliyevlə də görüşü gözlənir. Bu görüşdə də noyabrda keçiriləcək «Şərq tərəfdaşlığı» sammitinə hazırlıq məsələlərinin müzakirə olunacağı bildirilir.

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq tərəfdaşlığı» Avropa Birliyinin (AB) altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb.

Prezident İ.Əliyev oktyabrın 4-ü Avropa Birliyi Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul etmişdi. İ.Əliyev həmin görüşdə noyabrda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitində iştirak edəcəyini təsdiq edib.

Prezident AB ilə yeni sazişin tezliklə imzalanmasına tərəfdar olduğunu bildirib.

Azərbaycan və AB arasında «açıq səma» sazişi üzrə danışıqlar isə ayrılıqda aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG