Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:44

Elmar Məmmədyarov AB rəsmiləri ilə görüşüb


Elmar Məmmədyarov

Azərbaycanla Avropa Birliyi (AB) arasında müzakirə edilən yeni saziş siyasi, iqtisadi, enerji, humanitar və digər sahələri əhatə edərək əlaqələrin hərtərəfli inkişafında mühüm çərçivə yaradır.

Bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyi Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə dilə gətirib. Nümayəndə heyətində Avropa Birliyi yanında üzv dövlətlərin səfirləri də təmsil olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında belə yazılır.

Buna da bax:​ E.Məmmədyarov: 'Ümid edirik ki, AB ilə danışıqlar hamar gedəcək'

E.Məmmədyarov Azərbaycan və AB arasında əməkdaşlığın inkişafı, strateji tərəfdaşlığa dair saziş layihəsi üzrə danışıqların gedişi barədə danışıb. O, qeyd edib ki, ölkəsi Birliyin 10 ölkəsi ilə strateji tərəfdaşlıq münasibətləri qurub.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinə də toxunulub. Nazir danışıqların son statusu haqqında ətraflı məlumat verib. E.Məmmədyarov münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin yeganə nizamlanma yolu olduğunu bəyan edib.

Nazir görüş zamanı qonaqların çoxsaylı suallarını da cavablandırıb.

AB Şurasından gələn qonaqları bu gün, oktyabrın 4-də prezident İlham Əliyev də qəbul edib.

Buna da bax: ABŞ GUAM üzvlərinin ərazi bütövlüyünü tanıyır

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG