Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:19

Qiyas İbrahimovla atası hakim önünə çıxarılır


Qiyas İbrahimovla atası Həsən İbrahimov

Gənc fəal Qiyas İbrahimov və atası Həsən İbrahimova açılmış cinayət işinin istintaqı başa çatıb.

“Heykəl məhbusu” kimi tanınan Qiyas İbrahimov və atası Həsən İbrahimov Cinayət Məcəlləsinin 289.2 maddəsi ilə ittiham edilir. Ata və oğul məhkəməyə hörmətsizlikdə suçlanırlar.

Bu haqda AzadlıqRadiosu-na İbrahimovların vəkili Elçin Sadıqov xəbər verib.

Buna da bax:​ Qiyas İbrahimov və atası məhkəməyə hörmətsizlikdə suçlanır

Vəkil bildirib ki, istintaq onların vəsatətlərinin rədd edilməsi ilə başa çatıb.

“Biz Cinayət Məcəlləsinin 289.2 maddəsi ilə açılmış cinayət işi üzrə hörmətsizliyə məruz qaldıqları iddia olunan hakimlərin də istintaqa cəlb edilməsini istəmişdik. Hakimlərin zərərçəkmiş şəxs qismində tanınması barədə vəsatət vermişdik. Ancaq vəsatətimiz rədd olundu”.

Elçin Sadıqov cinayət işinə xitam verilməsi barədə vəsatətlərinin də qəbul olunmadığını bildirib.

Vəkilin sözlərinə görə, cinayət işi yaxın günlərdə məhkəməyə göndəriləcək.

Cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılacaq.

Buna da bax: Ombudsmandan həbsxana rəhbərliyinə əsaslanan məktub

XATIRLATMA

Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanıblar . Onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər. Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotika ittihamını qəbul etmirlər. Onlar keçmiş prezident, hazırkı dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə “Qul bayramınız mübarək” şüarı yazılmasına görə, həbs ediliblər.

"Amnesty International" təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə narkotik ittihamı saxtalaşdırılıb.

Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

Buna da bax:​ Gənc fəalın atası: 'Qanun kimə necə sərfəlidir, o istiqamətdə istifadə edir'

Bu il iyulun 13-də Qiyas İbrahimovun atası Həsən İbrahimov İstintaq İdarəsinə çağrılıb və ona cinayət işi açıldığı bildirilib. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimovun işinə baxmış hakim Vüqar Məmmədovun şikayəti əsasında başlanıb.

Məhkəmədə hakim Qiyas İbrahimovun sözünü kəsəndə atası əsəbiləşərək “Ənvər Seyidovun başına gələnlər sizin də başınıza gəlsin. Balalarınızdan görəsiz...” deyib.

Bu hakimə hörmətsizlik kimi qəbul edilir. İttiham təsdiq olunarsa onu 6 aya kimi həbs gözləyir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov bir sıra siyasi işlərdə mübahisəli qərarlar verib. O, bu yaxınlarda səhhətində yaranan problemə görə, xəstəxanaya düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG