Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:03

‘Rabitəçilər’in apellyasiya şikayətinə baxılır


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində 20-dən artıq adamın, o cümlədən generalların həbsi ilə nəticələnən əməliyyatdan dərhal sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən də bir xeyli vəzifəli şəxslər tutuldu. Onlardan biri – nazirliyin aparat rəhbəri olmuş Vidadi Zeynalov 13 il azadlıqdan məhrum edilməsi haqda hökmlə hələ də tanış deyil. Bu haqda Zeynalovun vəkili Ceyhun Yusifov oktyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində bildirib.

Zeynalovla yanaşı, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynov, “Aztelekom”un rəhbəri olmuş Məhəmməd Məmmədov da daxil, 11 nəfər “rabitəçi”nin işi üzrə doqquz ay davam edən məhkəmə nəticəsində təqsirləndirilən şəxslərdən beşi şərti cəza ilə həbsdən buraxıldı. Qalan 6 nəfər isə 3 ildən 13 ilə qədər azadlıqdan məhrum edildi.

Buna da bax:​ 'Rabitəçilər işi': 'Mən qazandıqlarımı tək yesəydim...'

Həbsdə qalanların beşi Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmündən apellyasiya şikayəti veriblər. Yalnız “Azərpoçt”un keçmiş rəhbəri, 3 il həbs cəzası almış Qəmbər Bəybalayev haqqındakı hökmlə razılaşıb. O, Bakı Apellyasiya Məhkəməsinə də ərizə göndərərək birlikdə mühakimə olunduğu həmkarlarının işinə onun iştirakı olmadan baxılmasını istəyib. Apellyasiya Məhkəməsində “rabitə işi”nə baxan hakim Qədim Babayev oktyabrın 3-də ilkin baxış iclasında bu ərizəni elan edib.

15 MİLYON MANAT ÖDƏYİBLƏR

Təqsirləndirilən şəxslərin vəkilləri isə apellyasiya şikayətinə istintaq aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması) baxılması haqda vəsatət qaldırıblar. Vəkillər deyib ki, bu iş birinci instansiya məhkəməsində hərtərəfli araşdırılmayıb, müdafiə tərəfinin çox vacib vəsatətlərinin heç biri təmin olunmayıb. Müdafiəçilərin sözlərinə görə, təqsirləndirilən şəxslər mənimsəmə nəticəsində dövlətə dəymiş ziyanın əvəzi olaraq, məhkəmə dövründə təxminən 15 milyon manat (Beytulla Hüseynov 10 milyon, Vidadi Zeynalov 3 milyon və s.) vəsait ödəyiblər. Amma sonda hökm çıxarılarkən bu və başqa yüngülləşdirici hallar nəzərə alınmayıb.

Buna da bax:​ Vidadi Zeynalov dövlətə 7 milyon 330 min 536 manat ödəyib

“Hökmdən dərhal sonra Vidadi Zeynalov səhhətindəki problemlərlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib və indiyədək haqqındakı hökmlə tanış ola bilməyib. Hökmün də həcmi böyükdür və onu diqqətlə oxuyub, qeydlərimizi yazmaq üçün bizə vaxt lazımdır. Ona görə də xahiş edirəm, növbəti iclas gününü təyin edərkən bu məsələni də nəzərə alın”, – bunu isə vəkil Ceyhun Yusifov deyib.

Qədim Babayevin sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılması haqda vəsatəti təmin etməyib. Məhkəmə baxışı isə oktyabrın 17-nə təyin olunub.

Buna da bax: 'Rabitəçilər işi': İttihamı qəbul etməsələr də, yazılan məbləği tam ödəyiblər...

XATIRLATMA

Xatırladaq ki, təqsirləndirilən şəxslər nazirliyə tabe olan strukturlarda təmir-tikinti, avadanlıqların alınması zamanı xərcləri şişirməklə dövlət vəsaitini mənimsəmək, tenderləri formal keçirib, özlərinə yaxın şirkətləri qalib elan etmək və başqa əməllərdə suçlanır.

Təqsirləndirilən şəxslərdən Vidadi Zeynalov və Beytulla Hüseynovun hər biri 13 il, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il azadlıqdan məhrum edilib.

Beytulla Hüseynov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. MTN ətrafındakı əməliyyatdan sonra o, dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağrılıb. Onun ardınca Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin digər vəzifəli şəxsləri həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG