Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 03:45

'Azərbaycanda bir adama ayda ortalama 320 manat lazımdır' – Media icmalı


Bazar

Bəzi ərzaq mallarının qiymətinin bahalaşması, «Azəri-Çıraq-Günəşli» yataqlar bloku ilə bağlı köhnə və yeni sazişlər bu gün (20 sentyabr 2017-ci il) medianın aparıcı mövzularındandır...

BAHALAŞMA DAVAM EDİR

«Exo» qəzetində «Azərbaycanda bir sıra məhsulların qiymətində bahalaşma var» sərlövhəli yazı oxumaq olar.

Yazıda mövzu ekspert Nəriman Ağayevlə dəyərləndirilir.

Ekspert qəzetə deyib ki, orta statistik bir Azərbaycan vətəndaşı ay ərzində ərzağa 160 manat xərcləyir. Digər xərclər də nəzərə alınsa, ona ayda ən azı 320 manat vəsait lazımdır.

N.Ağayev vurğulayıb ki, oktyabrdan soyuqlar düşür. Soyuqların düşməsi isə xərclərin artması anlamına gəlir:

«Ancaq bunu birmənalı demək olar ki, əhalinin gəlirləri xərclərini ödəmir».

Müəllif rəsmi statistikaya istinadən bildirir ki, bu ilin avqust ayında orta aylıq nominal əməkhaqqı 523.1 manat təşkil edib.

N.Ağayev isə rəsmi statistik göstəricilərə bir qədər şübhə bəsləyir:

«Rəsmi statistikada bu ilin 8 ayı ərzində əhalinin 21.7 milyard manatlıq istehlak malları alması göstəricisi düşündürücüdür. Azərbaycanda hətta devalvasiyaya qədərki tələbatın artdığı dövrdə belə, yəni, Yeni il bayramı ərəfəsində aya 2 milyard manatdan çox xərclənmirdi».

Bununla belə, ekspert vurğulayır ki, qiymətlərin artması halında xərclərin yüksəlməsi təbiidir. O deyib ki, bəzi malların, xüsusilə kofe və şirniyyatın qiymətləri bahalaşıb.

Müəllif xatırladır ki, bu ilin yanvar-avqust aylarında əhali 21.7 milyard manatlıq istehlak malları alıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz çoxdur. Bunun 11 milyard manatı ərzaq mallarına, içki və tütün məmulatlarına, 10.7 milyard manatı isə qeyri-ərzaq mallarına xərclənib.

Yazıda yenə də rəsmi statistikaya istinadən bildirilir ki, orta illik inflyasiya 14 faiz təşkil edib. Ərzaq malları 18.2 faiz bahalaşıb.

Qubad İbadoğlu
Qubad İbadoğlu

QAZANAN XARİCİ ŞİRKƏTLƏR OLACAQ

Azadliq.info saytında «Xarici şirkətlərin və dövlətlərin maraqlarına cavab verən saziş» sərlövhəli yazıda «Azəri- Çıraq-Günəşli» yataqlar bloku üzrə sazişin müddətinin 2050-ci ilə qədər uzadılması ilə bağlı iqtisadçı Qubad İbadoğlunun düşüncələrinə yer verilib.

Q.İbadoğlu bildirib ki, əvvəlki kontraktın başa çatmasına 7 il qalmış yeni saziş imzalanması müxtəlif prizmalardan şərh oluna bilər:

«Hökumətin rəsmi izahatına və ona yaxın olan ekspertlərin açıqlamalarına görə, kontraktın yenidən imzalanmasının əsas səbəbi yaxın illərdə neft hasilatında sabitliyi təmin etməkdir».

İqtisadçı düşünür ki, yeni şərtlər şirkətlərə əvvəlki ilə müqayisədə daha əlverişli olub. Əks halda, onlar Konstitusiya aktlı sazişə xitam verilməsi ilə razılaşmazdılar.

Ekspert deyib ki, indiki sazişin şərtlərinin əvvəlkindən daha əlverişli olması haqda prezident səviyyəsində bəyanat səsləndirilib. Ancaq sazişin mətni dərc edilmir:

«Onun əsas müddəaları, xüsusilə xərclərin, mənfəətin bölgüsü, vergi, royalti, digər ödənişlərin hesablanması və ödənilməsi şərtləri açıqlanmır».

Q.İbadoğlu ehtimal edir ki, sazişə əsasən, xarici şirkətlər ilk dönəmlər Azərbaycan neftinin satışından öz xeyirlərini əldə edərlər. Sonra da «yataqlarda qalan nefti çıxarmaq kommersiya baxımından faydalı deyil» bəhanəsi ilə işləri dayandıra bilərlər.

Q.İbadoğlu vurğulayıb ki, yeni sazişin imzalanması həm də SOCAR-a yeni və əhəmiyyətli öhdəliklər yaradır.

O hesab edir ki, dövlət büdcəsi və işçiləri qarşısında öhdəliklərini yerinə yetirə bilməyən SOCAR-ın əvəzinə bu öhdəliklər Dövlət Neft Fondunun üzərinə qoyula bilər:

«Bu isə dövlət büdcəsinə və manata yaxşı perspektiv vəd etmir».

«Əsrin müqaviləsi»nin imzalanması - 20 sentyabr 1994
«Əsrin müqaviləsi»nin imzalanması - 20 sentyabr 1994

ENERJİ TƏHLÜKƏSİZLİYİNƏ YENİ TÖHFƏLƏR

«Azərbaycan» qəzetində «Azərbaycan dünyanın enerji təhlükəsizliyinə töhfəsini artırır» sərlövhəli yazıda neft kontraktlarının imzalanmasından keçən 23 il dəyərləndirilir. Müəllif yazır ki, 1994-cü il sentyabrın 20-də SOCAR-la dünyanın aparıcı neft şirkətləri Xəzər dənizinin Azərbaycan sektorundakı «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzaladılar. Sonralar bu saziş «Əsrin müqaviləsi» adını aldı:

«Bu saziş regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açdı. Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu».

Yazıda vurğulanır ki, yeni neft strategiyası Azərbaycan dövlətinin uzunmüddətli, davamlı inkişafına zəmin yaratdı. Azərbaycanın dinamik inkişaf edən, güclü və nüfuzlu ölkəyə çevrilməsində müstəsna rol oynadı.

Müəllif bu günlərdə sazişin 2050-ci ilə qədər uzadılmasını Azərbaycanın yeni neft strategiyasının inkişafı və yeni uğur kimi dəyərləndirir:

«Beləliklə, növbəti 32 il ərzində AÇG blokunun Azərbaycana gətirdiyi iqtisadi mənfəətlər maksimuma çatdırılacaq. Yeni müqavilənin şərtləri 23 ildən bəri ölkəmizin artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaşların Azərbaycana inamını təsdiqləyir. Bu müddət ərzində formalaşmış beynəlxalq tərəfdaşlığı yeni müstəviyə qaldırır».

Azərbaycan indiyə qədər AÇG blokunun işlənməsindən 130 milyard dollara yaxın vəsait əldə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG