Prezidenti İlham Əliyev sentyabrın 13-ü Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azurun (Jihad Azour) başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı Azərbaycanla BVF arasında uzun illər davam edən əməkdaşlığı yüksək qiymətləndirərək, bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu deyib.
O, qonağa islahatlardan danışıb.
Buna da bax: BVF Azərbaycan hökumətindən daha nikbindir
İ.Əliyev deyib ki, biznes mühitinin və sərmayə qoyuluşunun asanlaşdırılmasından ötrü işlər görülür.
“2017-ci il maliyyə sabitliyi ili idi, qarşıdakı 2018-ci ildə isə iqtisadi artımın təmin edilməsi ilə bağlı təsirli tədbirlər görülür”, – deyə İ.Əliyev bildirib.
Xəbərə görə, C. Azur da öz növbəsində müəyyən dəyərləndirmə aparıb:
“Manatın möhkəmləndirilməsi, büdcənin yığcamlaşdırılması prosesinin davam etdirilməsi və ölkə iqtisadiyyatında struktur islahatlarının həyata keçirilməsi istiqamətində görülən işlər çox önəmlidir”.
Buna da bax: BVF deyir artım olacaq, bəs Azərbaycan təhlilçiləri? [video]
Departament rəhbəri xüsusi vurğulayıb ki, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi çox vacibdir.