Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 12:47

Mehman Əliyevlə bağlı daha bir şikayətə baxılıb


Mehman Əliyev

"Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev azadlığa buraxılandan az sonra Bakı Apellyasiya Məhkəməsində onun tutulmasının qanunsuz sayılması haqda şikayətə baxılıb.

Söhbət avqustun 24-də Mehman Əliyevin şübhəli şəxs qismində tutulması haqda müstəntiqin qərarından gedir.

Mehman Əliyevin vəkilləri bu qərarı Yasamal Rayon Məhkəməsində mübahisələndiriblər. Müdafiə tərəfi qərarın qanunsuz sayılmasını istəsə də, məhkəmə şikayəti təmin etməyib. Apellyasiya şikayəti də həmin məhkəmə qərarından verilib.

Buna da bax:​ Jagland Mehman Əliyevlə bağlı bəyanat verib

“TUTULMASINA HEÇ BİR ƏSAS YOX İDİ”

Sentyabrın 11-də apellyasiya şikayəti üzrə qapalı keçirilən məhkəmə prosesi haqda AzadlıqRadiosu-na Mehman Əliyevin vəkili Fariz Namazlı məlumat verib.

Məhkəmədə müstəntiq Vüsal İbadov tutma qərarının qanuni və əsaslı olduğunu deyib.

Fariz Namazlı isə bildirib ki, əksinə, Mehman Əliyevin tutulması üçün heç bir əsas yox idi: "O, tutulmamışdan əvvəl vergi orqanının çağırışlarına heç bir problem yaratmadan gəlib. Daimi yaşadığı ünvan, iş yeri bəllidir. Kifayət qədər ictimai nüfuzu olan adamdır. Onun istintaqdan yayınacağını düşünmək üçün heç bir əsas yoxdur. İstintaq orqaninin Mehman Əliyevin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəməyə müraciət etməsi, onun həbsdən buraxılması da şübhəli şəxs qismində tutma qərarının qanunsuzluğunu göstərir".

Buna da bax:​ Mehman Əliyev azadlıqda [yenilənir] [video]

İlqar Murquzovun sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətini təmin etməyib.

F.Namazlı bildirib ki, Mehman Əliyevin şübhəli şəxs qismində tutulmasından Avropa Məhkəməsinə şikayət göndərəcəklər: "Bu cür məsələlərdə apellyasiya məhkəməsi son instansiya hesab olunur".

XATIRLATMA

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları “siyasi motivli” adlandırıb.

Buna da bax: Səməd Seyidov: ‘Mehman Əliyevin taleyi sıravi insan taleyi deyil’

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər. ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib.

Üstəlik, ABŞ Senatının komitəsinə Mehman Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı düzəliş təqdim edilib.

Sentyabrın 11-də Mehman Əliyev ev dustaqlığına buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG